Suriyada illərlə davam edən vətəndaş müharibəsi təkcə ölkədaxili proseslərə deyil, həm də regional siyasətə ciddi təsir göstərib. Əsəd rejiminin repressiv idarəçiliyi və xalqa qarşı zorakılıq əməlləri uzun müddətdir ki, beynəlxalq tənqidlərə səbəb olurdu. Türkiyə isə bu məsələdə qəti mövqeyini ortaya qoyaraq, rejimi qəbul etmədiyini və Suriyada stabilliyin yalnız ədalətli bir hökumətin formalaşması ilə mümkün olduğunu dəfələrlə bəyan edib.
Hazırda Suriyada Əsəd rejimi devrildi və yeni hökumət yaradılır. Maraqlıdır bundan sonra Türkiyə, İran və Rusiyanın bu ərazidəki siyasi gündəliyi necə dəyişəcək?
Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Ajans.az-a qaçıqlamasında həm Türkiyənin, həm də Rusiyanın Suriyadakı proseslərdəki rolu və maraqları barədə ətraflı fikirlər səsləndirib. Onun sözlərinə görə, hər iki ölkə üçün Suriyadakı yeni siyasi düzənin formalaşması kritik əhəmiyyət kəsb edir
"Türkiyə ilə Suriyadakı Əsəd rejimi arasındakı münasibətlər illərdir davam edən gərginliklər fonunda diqqət mərkəzində idi. Türkiyə əvvəldən Əsəd rejimini qəbul etməyib. Bunun səbəbi isə rejimin xalqına qarşı zorakılıq əməlləri və repressiv siyasəti olub. Türkiyə Suriyada yaşayan bütün xalqların ortaq razılığı ilə yeni bir hakimiyyətin qurulmasını istəyirdi. Lakin Bəşər Əsəd buna qarşı çıxaraq, öz hakimiyyətini qorumaq üçün xalqın tələblərini görməzdən gəldi. Bu yanaşma Əsəd rejimini tədricən zəiflətdi".
Politoloq qeyd edib ki, hazırda Türkiyə Suriyanın ərazi bütövlüyünün təmin olunmasına xüsusi önəm verir. Onun sözlərinə görə, Türkiyə Suriyanı parçalamaq deyil, əksinə, orada stabilliyi təmin edən yeni bir hökumətin formalaşmasını dəstəkləyir: Türkiyə Suriyadakı proseslərdə mühüm rola malikdir, lakin bu, Suriyanı Türkiyədən asılı vəziyyətə salmaq niyyəti kimi dəyərləndirilməməlidir. Ərdoğanın dəfələrlə Əsədlə dialoqa getmək təşəbbüsləri rejim tərəfindən rədd edildi və bu da Əsədin əsas strateji səhvlərindən biri oldu".
Suriyadakı vəziyyətin mürəkkəbliyinə toxunan Elxan Şahinoğlu bildirib ki, İranın zalım bir rejimi dəstəkləməsi bölgədəki vəziyyəti daha da ağırlaşdırırdı. Xalqın Bəşər Əsəd rejiminə qarşı çıxışı nəticəsində bu hakimiyyət zəiflədi. Yeni qurulacaq hökumət isə fərqli yanaşmalar sərgiləyərək, daha isti münasibətlərə üstünlük verəcək.
Rusiya mövzusuna da diqqət çəkən analitik qeyd edib ki, Moskvanın Əsədə sığınacaq verməsi strateji səhv idi. Rusiyanın əsas məqsədi Suriyada hərbi mövcudluğunu qorumaq olsa da, bu yanaşma onun yeni hakimiyyətlə əlaqələrinə zərbə vura bilər. Rusiya, Əsədin dəstəklənməsindən vaz keçərək, hərbi bazalarını daha sabit şəkildə qorumaq imkanına malik idi.
Elxan Şahinoğlunun əlavə edib ki, Türkiyə üçün Suriyadan hər hansı bir terror təhlükəsinin gəlməməsi əsas prioritetdir. Bununla yanaşı, Suriyada formalaşacaq yeni hökumətin Türkiyə ilə konstruktiv münasibətləri inkişaf etdirməsi bölgədə sülh və stabilliyə xidmət edəcək. Bu baxımdan, Suriyadakı siyasi proseslərin inkişafı həm regional, həm də beynəlxalq səviyyədə böyük maraq doğurur. Türkiyə və Rusiya bu proseslərdə əsas oyunçulardan biri olaraq qalır.