Mark Tamaşın ölkəmizə gəlməsi "Neftçi" üçün asan başa gəlməmişdi.
Uzun danışıqlardan sonra Rumıniya təmsilçisi "Sepsi" 200 min avro təzminat ödənilməsi qarşılığında onu "ağ qaralar"a keçidinə razılıq verdi.
Amma böyük ümidlərlə kluba gələn "4 nömrə"nin arxada qalan 1,5 ildə bu pula layiq olmadığı aydın göründü.
Əbəs deyil ki, onun da yer aldığı komanda ötən mövsüm heç avrokuboklara belə vəsiqə qazana bilmədi.
Adrian Mutu və Miodraq Bojoviçin güvəndiyi isimlərdən olan Tamaş arxada qoyduğumuz mövsüm əsas heyət üzvlərindən biri hesab edilirdi.
Lakin Roman Qriqorçukun dönəmindən ehtiyat qüvvəyə çevrilib.
Onun yeni statusu Samir Abasovun gəlişindən sonra da dəyişmədi.
Çünki Abasov da 31 yaşlı futbolçunun performansından narazıdır.
Yaranmış vəziyyət onun üçün də ürəkaçan deyil.
Sportinfo.az açıqlamasında futbolçu özü bunu etiraf edib:
"Çox ağırdır. Karyeramboyu heç vaxt bu qədər ehtiyatda qalmamışdım. Psixoloji baxımdan mənim üçün heç də asan deyil. Hər zaman meydanda olmaq üçün əlimdən gələnin ən yaxşısını etmişəm və bu gün də edirəm".
Görünən odur ki, Macarıstan millisinin sabiq üzvü üçün indiki halda ən yaxşı yol klubdan ayrılmaq, yeni ünvan axtarışına çıxmaq olmalıdır.
Amma "Meydanda olmaq üçün bu gün də əlimdən gələnin ən yaxşısını edirəm" - deyən legioner sözlərinin davamında ayrılmaq barədə düşünmədiyini qətiyyətlə bildirib.
Qəribədir elə deyilmi?
Daim oynamaq istəyən biri niyə özünə əziyyət verib "Neftçi"nin ehtiyat skamiyasından ayağa qalxmır? Bir milli üzvünü oraya pərçimləyən nədir?
Təbii ki, yeganə səbəb puldur.
Aylıq maaşı 50 min dollar olan Tamaşa bu yaşdan sonra kimdi eyni pulu verən? Heç kim!
Belədə karyerasının qrub çağlarını yaşayan stoper qətiyyətli danışsa da, qətiyyətli addım atmaq cəsarətini yaxın buraxmır.
O, bu qədər pula sahib olmaq üçün sevmədiyi ehtiyat skamiyada gün keçirməyə də razıdır.
Söhbət iki il üçün 1 milyon dollardan gedir. Rəqəmi görəndə Tamaşı qınamağa adamın dili gəlmir.
Amma bu boyda pulu ona sayanlara nə desən azdı.
XANOĞLAN İMANOV