AZ

Əsədin devrilməsindən sonra daha böyük xaos yaşanacaq  - Türkiyəli professor

Suriyanın ərazi bütövlüyü Türkiyənin Suriya siyasətinin əsas sütununu təşkil edir

Türkiyə cərəyan edən prosesləri analiz edərək Suriyanın şimalında təsis etdiyi 30 kilometrlik təhlükəsizlik dəhlizini Suriyada konstitusiya quruluşu qurulana qədər davam etdirəcək

Suriyada “Heyət Təhrir əş-Şam” adlı qruplaşmanın Dəməşqi ələ keçirməsindən sonra Bəşər Əsəd rejimi devrilib. O, ailəsi ilə birgə Rusiyaya sığınıb. Əsədin İranda olması ilə bağlı da xəbərlər yayılıb. Qeyd edək ki, 1963-cü ildə Suriyada hakimiyyətə gələn Baas Partiyasının 61 illik hakimiyyəti, 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılması ilə yadda qalıb. Bəşər Əsədin atası Hafiz Əsəd 1971-ci ildə Suriya prezidenti olub. 

Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, Suriyada yeni dövr başlayıb. XİN başçısı vurğulayıb ki, Türkiyə bundan sonrakı dövrdə müxtəlif etnik qrupların sülh şəraitində və əhatəli idarəetmə anlayışı ilə yaşadığı Suriyanın olmasını ümid edir: "Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Türkiyə üzərinə düşən hər cür öhdəliyi yerinə yetirməyə hazırdır. Dəməşqdə açılan yeni səhifədə Suriya xalqının yanındayıq. Suriyanın yenidən qurulması üçün lazım olan dəstəyi də verəcəyik". ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Əsədin sürətlə devrilməsi ilə bağlı təəccübünü bildirib. Trampın sözlərinə görə, təəccüblü olan odur ki, Əsəd indiyə qədər daha çətin günlərdən keçib, lakin hakimiyyətini qoruyub: “Bu heyrətamizdir, çünki o, illərdir orada olub. Görünür, daha pis vəziyyətdədir və birdən üsyançılar toplaşıb ölkənin böyük hissələrini ələ keçirirlər. İnsanlar uzun müddətdir ki, ona qarşı mərc edirlər və indiyə qədər bu, işləməyib. Amma indi hər şey başqa cürdür”. Avropa Birliyi (AB) komissiyasının rəhbəri Ursula fon der Lyayen vurğulayıb ki, milli birliyini qoruyan və bütün azlıqların təhlükəsizliyini təmin edən Suriya dövlətinin yenidən qurulması üçün dəstək verməyə hazırıq. O bildirib ki, zalım Əsəd rejiminin çökməsi ilə tarixi fürsətlər yaransa da, risklər qalmaqda davam edir. AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, Bəşər Əsəd hakimiyyətinin sonu çoxdan gözlənilən hadisə idi: "Bu, həm də Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm". Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Bəşər Əsəd Suriya ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib: "Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi barədə qərarı Rusiya Prezidenti Vladimir Putin verib. Kremlin sözçüsü qeyd edib ki, Putinin rəsmi cədvəlində Əsədlə görüş yoxdur. Peskov “Putin sonuncu dəfə Əsədi nə vaxt görüb və onunla əlaqə saxlayıb” sualına cavab verməyib. Rusiya prezidentinin sözçüsü Əsədin harada olduğunu açıqlamayıb. Peskov yeni hakimiyyətlə münasibətlərdən danışarkən deyib: “Rusiya Suriyada öz ordusunun təhlükəsizliyini təmin edə bilənlərlə əlaqələr qurur”. 
Hindistanın “The Economic Times” qəzeti yazıb ki, Kəşmir məsələsində (Pakistana qarşı) Dehlini dəstəkləyən Suriya Prezidenti Bəşər Əsədin devrilməsi İslam dünyasında Hindistana zərbə olacaq. Nəşrin fikrincə, Əsədin devrilməsi Pakistanla Kəşmir münaqişəsində Hindistanın mövqeyini sarsıdacaq: “Suriyada Əsəd rejiminin süqutu İslam dünyasında Hindistana zərbədir. Əsədin rəhbərliyi altında olan Suriya İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, Hindistanın Kəşmirlə bağlı mövqeyini ardıcıl dəstəkləyib”. Qəzet vurğulayıb ki, Əsəd dönəmində Suriya Pakistanla məhdud əlaqələri qoruyaraq, Hindistanla çoxtərəfli platformalar da daxil olmaqla, daha sıx siyasi əlaqələri inkişaf etdirib. 
Türkiyə milli müdafiə naziri Yaşar Gülərlə ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı baş tutub. Ostinlə Gülər telefon danışığı zamanı Suriyadakı son prosesləri müzakirə ediblər. Ostin ABŞ-nin Suriyadakı müxalif qrupların bəyanatlarını və hərəkətlərini yaxından izlədiyini vurğulayıb. Hər iki nazir bu qrupların mülki insanları, xüsusilə etnik və dini azlıqları qorumaq üçün addımlar atmalı və beynəlxalq humanitar normalara riayət etməli olduqlarını bildiriblər. Tərəflər eyni zamanda, ABŞ qüvvələri və tərəfdaşları üçün risklərin qarşısının alınması, İŞİD-lə mübarizə missiyasına dəstək üçün Türkiyə ilə ABŞ arasında sıx koordinasiyanın vacibliyini bir daha təsdiqləyiblər. Ostin Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını qəbul edib və həm İŞİD, həm də bölgədəki digər zərərli aktorların yaratdığı risklərə toxunub. Türkiyə ordusunun Baş Qərargah rəisi Mətin Gürak da NATO-nun Avropa Müttəfiq Qüvvələrinin komandanı, general Toni Radakin ilə telefon danışığı aparıb. 
Türkiyəyə köç edən suriyalılar Əsəd rejiminin devrilməsindən sonra ölkələrinə qayıdır. Bildirilib ki, Türkiyə jandarması tərəfindən sıxlığın qarşısını almaq üçün sərhəddən təxminən 5 kilometr aralıda ayrıca keçid məntəqəsi yaradılıb. Yoxlamalardan sonra sərhədi keçməyə münasib hesab edilən suriyalılar “Cilvəgözü” sərhəd-keçid məntəqəsinə istiqamətləndirilir. 

Türkiyəli professor, "Qafqaz" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Suriyada 13 ildir davam edən böhran HTŞ qruplaşmasının hücumu və Əsədin hakimiyyətdən devrilməsi ilə daha naməlum məcraya doğru sürətlə irəliləyir. Professor vurğulayıb ki, xüsusilə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İran və Rusiyanın dəstəyi ilə İsrailə hücumundan sonra Yaxın Şərqdə təhlükəli hadisələr yaşanmağa başlandı: 

"İsrail təhlükəsizlik səbəbi ilə əvvəlcə HƏMAS-ı, sonra Hizbullahı sıradan çıxardı. Əsəd Administrasiyasının qısa və ortamüddətli İsrail üçün risk yaradacağını nəzərə alan İsrail Hizbullahla atəşkəs bağladı. Bundan dərhal sonra ABŞ və İsrail Əsədi devirmək üçün hərəkətə keçdilər. Türkiyəyə səfər etmiş İranın xarici işlər naziri Abbas Əraqçı bunu açıq şəkildə ifadə etdi və hətta Türkiyənin də bu koalisiyaya daxil olduğuna eyham vurdu. XİN başçısı Hakan Fidan buna cavabında prosesin kortəbii hadisə olduğunu və arxasında Türkiyənin olmadığını vurğuladı. Fidan Türkiyənin nəzarətində olan Suriya Milli Ordusunun HTŞ-nin əməliyyatında iştirak etmədiyini açıq şəkildə bildirdi. Amma HTŞ-nin uğur göstəricisi ortaya çıxanda Türkiyə Suriya Milli Ordusu vasitəsilə bu əməliyyatda iştirak etməyə başladı". 

H.Oktaya görə, Əsədin devrilməsindən sonra ya daha böyük xaos yaşanacaq, ya da bu xaos mühitində gözlənilməz nizam yaranacaq: 
"Suriyanın ərazi bütövlüyü Türkiyənin Suriya siyasətinin əsas sütununu təşkil edir. Son hadisələr, xüsusilə Suriya Milli Ordusunun Fəratın qərbində həyata keçirdiyi əməliyyat YPG, PKK terror təşkilatının Suriyanın şərqinə geri çəkilməsinə səbəb oldu. Lakin bu güclər hələ də Suriyanın ərazi bütövlüyünə təhlükə yaratmaqda davam edirlər. Tramp Amerika əsgərlərinin Suriyanın şərqindən geri çəkilməyəcəyini bildirdi. Bu, YPG terror təşkilatına dəstək mənasına gəlir. Ona görə də Türkiyə Trampın andiçmə mərasiminə qədər YPG-ni zərərsizləşdirmək üçün Suriya Milli Ordusu vasitəsilə böyük əməliyyat keçirə bilər. Türkiyə cərəyan edən prosesləri analiz edərək Suriyanın şimalında təsis etdiyi 30 kilometrlik təhlükəsizlik dəhlizini Suriyada konstitusiya quruluşu qurulana qədər davam etdirəcək. Suriyada yeni demokratik sistemin qurulmasına, qanunun aliliyi, vətəndaş hüquqları bərpa olunanadək Türkiyə bu ölkədə qalmağa davam edəcək. Suriyada Türkiyənin dəstəklədiyi Əbdürrəhman Mustafanın rəhbərliyi ilə yeni hökumətin qurulacağı istisna edilmir". 


Seçilən
70
50
sherg.az

10Mənbələr