AZ

LDU-nun rektoru Macarıstanda olub - FOTO

Lənkəran Dövlət Universitetinin  nümayəndə heyəti  LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla 1-6 dekabr 2024-cü il tarixində beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq müqavilələrinin  imzalanması və gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsi məqsədilə Macarıstan və Rumıniyaya  rəsmi səfər edib.

Bu barədə Modern.az-a universitetdən məlumat verilib.

LDU nümayəndə heyətinin rəsmi səfəri 01-02 dekabr tarixlərində Macarıstanın Debrecen Universiteti ilə tanışlıqdan  başlayıb. Səfərin ilk günü Debrecen universitetinin baş rektor müavini, rektor vəzifəsini icra edən prof. Dr. Károly Pető və Koordinasiya və Strategiya  üzrə direktor Oksana Kiszil və  başqaları  Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov və LDU-nun nümayəndə heyəti ilə görüşüblər.

Görüş zamanı LDU ilə Debrecen universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi  və s. mövzuda geniş  diskussiya aparılıb. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov söhbət zamanı iki universitet arasındakı yaxın əlaqələrin  iki ölkə arasında olan dostluq münasibətlərindən, qarşılıqlı əməkdaşlıqdan qaynaqlandığını  vurğulayıb.  Bildirib ki, universitetlər arasındakı əlaqələrin genişləndirilməsi tələbələr üçün xaricdə təhsil imkanlarının əlçatanlığının  təmin edilməsinə  şərait yaradacaq. Prof. Natiq İbrahimov universitetlər arasında ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edib.

Görüşdən sonra səfər proqramına uyğun olaraq  Debrecen universitetinin iqtisadiyyat, qida mühəndisliyi, aqronomluq fakültələri ilə tanışlıq olub,  universitetin maddi-texniki bazasına  baxış keçirilib. Səfərin sonunda xatirə hədiyyələri təqdim edilib.

Xatırladaq ki, Debrecen universiteti qədim tarixə malikdir,  əsası 1538-ci ildə qoyulub. Qeyd edək ki, səfər Avropa universitetləri ilə LDU arasında tədris sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin  həyata keçirilməsi məqsədini daşıyır. Səfər zamanı keçirilən görüşlərdə əldə olunan razılaşmalar çərçivəsində Erasmus+ proqramı vasitəsilə tələbə və müəllimlər üçün Avropa universitetlərində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, ikili diplom və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, təhsil prosesində yeniliklərin tətbiqi istiqamətində işlər aparılması barədə razılıq əldə olunub ki, bu da  Lənkəran Dövlət Universitetinin beynəlxalq arenada nüfuzunun artması, tədrisin modernləşdirilməsi, elmi isiqamətdə inkişafı və s. üçün geniş perspektivlər  açır.

Seçilən
9
3
modern.az

4Mənbələr