AZ

Heydər Əsədov: “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji və iqtisadi əsaslarını məhz sovet dönəmində yaratmışdır”



“Ulu Öndər Heydər Əliyev öz həyatını bütünlüklə Azərbaycan xalqına və dövlətinə xidmətə həsr etmişdir. Respublikaya rəhbərlik etdiyi hər iki tarixi dövrdə Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın müstəqilliyinin bərpasına və bu müstəqilliyin möhkəmlənməsinə, ordu quruculuğuna, insaların rifah halının yüksəlişinə, demokratik, dünyəvi dövlət quruculuğuna xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin bu xidmətləri müasir, suveren və güclü dövlətimizin sarsılmaz bünövrəsini təşkil edir. Məlum dur ki, 1969-cu ildə Azərbaycan Respublikası o zaman tərkibində mövcud olduğu Sovet İttifaqının digər müttəfiq respublikaları ilə müqayisədə bütün göstəricilərə görə ən axırıncı yerlərdə qərarlaşmışdı. Yalnız Ulu Öndər Heydər Əliyevin həmin il respublika rəhbərliyinə gəlişindən sonra vəziyyət əsaslı şəkildə dəyişməyə başladı. 1969-1982-ci illər ərzində Ümummilli Liderimizin həyata keçirdiyi islahatlar və gördüyü strateji tədbirlər nəticəsində Azərbaycan sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Məhz həmin illərdə respublikamızda sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər 1970-ci ilə qədər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. 1969-cu ildən başlayaraq dahi rəhbərin keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişaf yoluna çıxarmış, respublikamızı öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını məhz sovet dönəmində yaratmış və nəticə olaraq, illər sonra xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuşdur.”

Bu sözləri 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Heydər Əsədov deyib.

Millət vəkili həmçinin ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tərəfindən milli mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə görülən tədbirlərin daha sonra Azərbaycançılıq məfkurəsinin formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Ümummilli Lider Heydər Əliyevin SSRİ dönəmində Azərbaycan rəhbərliyində olduğu zaman gələcək müstəqilliyimizin əsaslarını yaratmaq məqsədilə atdığı mühüm addımlar sırasında əlbəttə ki, milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin illərdə respublikamızda musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsasını qoydu. Ulu Öndərin müstəsna xidmətlərindən biri də bu olsu ki, milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu tarixi nailiyyət milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edən addım oldu. Bütün bu tədbirlər mahiyyət etibarı ilə Azərbaycançılıq məfkurəsinin formalaşması üçün əsaslı zəmin yaratdı. Azərbaycan xalqının bu gün öz pik həddini yaşayan birliyi və milli həmrəyliyi də müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya ilə təmin edilir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələr üzərində formalaşmış Azərbaycançılıq məfkurəsi dövlətimizin qüdrətinin artırılmasında ən təsirli siyasi amillərdən biri kimi çıxış edir.”

Daha sonra H.Əsədov müstəqilliyimizin ilk illərində Azərbaycanın qarşılaşdığı ciddi təhdidlərdən, xarici intervensiya, vətəndaş müharibəsi və nəticə olaraq ölkənin parçalanması, dövlətçiliyimizin süqutu kimi real təhlükələrdən yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkədə hakimiyyətə qayıdışı sayəsində qurtula bildiyini diqqət mərkəzinə çəkərək bunları deyib: “Sözsüz ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Məlum olduğu kimi, 1991-1993-cü illərdə respublikada cərəyan edən hadisələr xalqı və ölkəni tariximizdə yaşana biləcək ən böyük faciənin bir addımlığına gətirib çıxarmışdı. Azərbaycan real olaraq öz müstəqilliyini yenidən itirmək və bir neçə marionet ölkəyə parçalanmaqla vahid dövlət kimi mövcudluğuna son qoymaq təhlükəsilə üz-üzə idi. Məhz belə bir mürəkkəb, son dərəcə riskli və təhlükəli tarixi dönəmdə Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışlarına cavab olaraq yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtdı və özündə hədsiz dərəcədə böyük məsuliyyət ehtiva edən xilaskarlıq missiyasını üzərinə götürdü. Ölkədə formalaşmış böhranlı vəziyyətin yaratdığı ciddi təhdidləri düzgün qiymətləndirən bir qrup Azərbaycan ziyalısı 1992-ci ilin oktyabrında Ulu Öndərə müraciət edərək dahi rəhbərdən yeni yaradılacaq siyasi partiyaya – Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyi xahiş etdilər. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Bundan sonra xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz bu tarixi hadisə Azərbaycan xalqını qurtuluşa aparan yolda atılan ilk addım oldu. Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını sonadək yerinə yetirərək Azərbaycanı vətəndaş müharibəsindən, tənəzzül və məhv olmaq təhlükəsindən xilas etdi, ölkəni dirçəliş və tərəqqi yoluna çıxardı.”

Fikirlərini davam etdirən deputat 1993-2003-cü illərdə ölkə daxilində aparılan islahatların dövlətimiz üçün həlledici rol oynadığını və bu gün məhz həmin mütərəqqi proseslərin uğurla davam etdirilməsinin nəticəsi olaraq Azərbaycanın dinamik inkişaf edən, tam müstəqil siyasət yürüdən, suveren və dünyada böyük hörmətə malik olan ölkəyə çevrildiyini qeyd edib: “Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli dövrünü yaşamaqla Cənubi Qafqazda yaranan yeni reallıqların müəllifi kimi çıxış edir. Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi Vətən müharibəsində əldə edilmiş şanlı qələbəmizi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Ulu Öndərin siyasətini son 21 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması da buna daha bir sübutdur. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, nəhayət bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi də Azərbaycanın beynəlxalq siyasi arenada getdikcə yüksələn nüfuzunun və möhkəmlənən mövqelərinin bariz göstəricisi kimi çıxış edir. Azərbaycan artıq dünyada cərəyan edən hadisələrin regional səviyyədə iştirakçısı kimi deyil, məhz qlobal oyunçu kimi özünü beynəlxalq ictimaiyyətə təqdim edə bilib. Cənab Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında demişdir: “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik.” Bu günlərdə öz işini başa çatdırmış Bakı sessiyasının nəticələri Azərbaycan Prezidentinin bu proqnozlarında da haqlı olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan artıq qlobal problemlərin həlli istiqamətində önəmli təşəbbüslər irəli sürən, sivilizasiyaları bir araya gətirən bir ölkədir. Günümüzün məhz bu reallıqları da bir daha belə deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur” – deyə, Heydər Əsədov fikirlərini tamamlayıb.




Seçilən
41
aia.az

1Mənbələr