AZ

Bir sıra Avropa ölkələri suriyalı qaçqınlara sığınacaq verilməsini dayandırıb

Bəzi Avropa ölkələri sığınacaq istəyən suriyalı qaçqınların müraciətlərinə baxılmasını dayandıracaqlarını açıqlayıb.

Bakıvaxtı.az "The Telegraph"a istinadən xəbər verir ki, sözügedən Avropa ölkələri bu qərarın Suriyadakı hazırkı qarışıq vəziyyətdən irəli gəldiyini vurğulayıblar. 

Belə ki, Britaniya hakimiyyəti Suriyadakı vəziyyəti qiymətləndirənə qədər suriyalı qaçqınların müraciətləri ilə bağlı qərarların qəbulunu dayandırıb. Baxmayaraq ki, hazırda 6500-dən çox suriyalı qaçqın sığınacaq iddiaları ilə bağlı qərar gözləyir.

Bundan başqa, Fransada qaçqınların və Vətəndaşlığı olmayan Şəxslərin Müdafiəsi İdarəsi (OFPRA) Suriyadakı vəziyyəti yaxından izlədiyini bildirib və Suriyadan olan insanların sığınacaq müraciətləri ilə bağlı qərarların dayandırılmasını istisna etməyib.

Almaniya da öz növbəsində Suriya lideri Bəşər Əsədin ölkəni tərk etməsindən sonra suriyalı qaçqınların sığınacaq müraciəti ilə bağlı qərarları dayandırıb. Hazırda 47 mindən çox qaçqın müraciətə baxılmasını gözləyir. Almaniya hökuməti Suriyadakı mürəkkəb vəziyyəti nəzərə alaraq, Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin sığınacaq müraciətləri ilə bağlı qərarlarını dayandırmasını düzgün qərar hesab edib.

Avstriya kansleri Karl Nehamer "X" sosial media hesabında Suriya vətəndaşları üçün bütün sığınacaq proseslərinin dayandırılacağını açıqlayıb. O, bildirib ki, Suriyada diktaturanın süqutundan sonra təhlükəsizlik vəziyyəti yenidən qiymətləndirilməlidir.

Gülşən Şərif

Seçilən
26
bakivaxti.az

1Mənbələr