Bakı, TurkicWorld
24 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" sərəncam çərçivəsində radioyayım şəbəkəsi genişləndirilib, təkmilləşdirilib, yayım infrastrukturu isə müasirləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı mövzusunda keçirilən seminarda məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi əhalinin milli radiolara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, yeni texnologiyaların tətbiqi ilə eyni radioproqramların müxtəlif ərazilərdə fasiləsiz qəbul imkanının yaradılması nəzərdə tutulub.
Görülmüş işlərə gəldikdə isə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 dəst cəmləmə qurğusu, 44 ədəd RDS qurğusu və s. quraşdırılıb.
Fasiləsiz enerji təminatı üçün zəruri infrastruktur yaradılıb. Elektrik veriliş xətləri çəkilib, transformatorlar, generatorlar, UPS və s. avadanlıqlar quraşdırılıb.
Mövcud yayım stansiyalarının maddi-texniki bazası yaxşılaşdırılıb.
Müvafiq stansiyalar təmir edilib, havalandırma və avadanlıqların məsafədən idarə edilməsi sistemləri qurulub.