AZ

Şimali Koreya hərbçilərin əvəzinə Rusiyadan nələr alır? – Pxenyan hərbi mövqelərini gücləndirir

Rusiya Ukraynaya qarşı müharibədə iştirak edən Şimali Koreya qoşunlarının müqabilində Pxenyana MiQ-29 və Su-27 döyüş təyyarələri göndərmək barədə razılığa gəlib. Bu barədə Pentaqondakı mənbələrə istinadla “The Eurasian Times” məlumat yayıb.

Dekabrın 7-də Reyqan Milli Müdafiə Forumunda ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Samuel Paparo da bu haqda bildirib.

Paparo deyib ki, müqavilə Rusiyanın Şimali Koreyaya erkən dördüncü nəsil döyüş təyyarələri verməsini nəzərdə tutur.

Paparo neçə təyyarənin veriləcəyini dəqiqləşdirməyib. Admiral qeyd edib ki, bunun müqabilində Pxenyan artıq 12 minə yaxın əsgərini Rusiya qoşunları ilə birlikdə Ukrayna silahlı qüvvələrinə qarşı döyüşmək üçün göndərib.

Şimali Koreya çox güman ki, əsgərləri müqabilində təyyarələrdən daha çox şey istəyir. Paparo bildirib ki, Pxenyan qabaqcıl hərbi texnologiyalara, o cümlədən ballistik raket döyüş başlıqlarına, təkmil sualtı sistemlərə və təkmilləşdirilmiş hava hücumundan müdafiə imkanlarına diqqət yetirə bilər. Admiral hesab edir ki, belə ticarət Şimali Koreyanın regionda hərbi mövqelərini gücləndirəcək.

“AzPolitika.info”

Seçilən
42
azpolitika.info

1Mənbələr