AZ

Xəstəlikdən qorxmaq: Psixoloji problemdir

"İnsanların xəstələnməkdən qorxmalarının psixoloji səbəbləri çox müxtəlif ola bilir".

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu qorxular şəxsin keçmiş təcrübələrindən, cəmiyyətin xəstəliklərə dair tutumlarından və daxili psixoloji vəziyyətlərindən qaynaqlanır:

"Əslində, xəstələnmək insanın öz həyatını və ya yaxınlarını itirməsi təhlükəsini gətirə bilər. Ona görə də ölümə dair qorxular bu vəziyyətdə daha da güclənə bilir. 

Həmçinin, xəstələnmək qorxusu spesifik bir fobiya ilə də əlaqəli ola bilər. Məsələn, hipokondriya insanın bədənindəki ən kiçik dəyişiklikləri ciddi xəstəliklərə şübhə etməsi ilə əlaqələndirilən bir anksiyete pozuntusudur". 

364003

Onun sözlərinə görə, keçmiş travmalar və təcrübələr də bu qorxunun yaranmasına gətirib çıxarır:

"İnsanın keçmişində ciddi bir xəstəlik yaşanması gələcəkdəki xəstəliklərə qarşı bir qorxuya də səbəb ola bilər. Xəstəliklə əlaqədar ağır emosional və psixoloji travmalar insanda bu qorxuları daha da gücləndirməsi mümkündür. 

Məsələn, son dövrdə yaşadığımız Covid-19 virusunda ölüm hallarının çox olması və xəstəliyin gətirdiyi ağr fəsadlar insanların o duyğuları yenidən yaşama qorxusu anksiyete halları yaşadır. Bu isə insanlarda qrip və ya soyuqdəymə qorxusunun meydana gəlməsi, psixoloji və fizioloji faktorların qarşılıqlı təsiri nəticəsində baş verə bilər".

Psixoloq vurğulayıb ki, bu vəziyyətin də yaranmasınında bir neçə səbəbi var:

"Qorxular bəzən beyin tərəfindən fiziki simptomlara çevrilə bilər. Yəni, insanın qrip olacağına dair inancı əslində bədənin bir qədər daha zəif və ya gərgin olmasına səbəb ola bilər. Bu da fiziki simptomlara, habelə soyuqdəymə, halsızlıq, və ya baş ağrısı kimi xəstəliklərə yol açır.

Məsələn, somatizasiyanı nümunə göstərmək olar. Bu, psixoloji narahatlığın fiziki əlamətlərə çevrilməsidir. İnsan narahat olduqda, bu narahatlıq bədənin müxtəlif hissələrində baş ağrısı və ya halsızlıq kimi simptomlarla özünü göstərə bilər. Bu da insanın özünü xəstə kimi hiss etməsinə səbəb ola bilər". 

Zəhra Zahidova bu qorxudan necə xilas ola biləcəyimiz barədə də danışıb:

"Qorxuların təsirini azaldan rahatlama metodları tətbiq etmək, həm fiziki, həm də psixoloji narahatlıqları aradan qaldıra bilər. Dərin nəfəs alıb rahatlama, meditasiya və ya yoqa etmək olar. 

Əgər qorxu çox dərin və davamlıdırsa, psixoterapiya, xüsusilə koqnitiv davranış terapiyası, şəxsin qorxularını və narahatlıqlarını analiz edərək onları məntiqli şəkildə idarə etməyə kömək edə bilər".

Pərviz

Seçilən
21
hit.az

1Mənbələr