AZ

Suriyada Türkiyə və ABŞ-nin ROLU – əl-Qolani onlarla razılaşa BİLƏCƏKMİ?

“Suriyada hazırda yeni bir siyasi mərhələ formalaşmaqdadır. Keçid hökumətinin qurulması ilə bağlı məsələlərdə görürük ki, Əsəd rejimi artıq keçmişdə qalıb, yeni hökumət isə qurulmaq üzrədir. Əfqanıstan və digər bölgələrdəki təcrübələrin müəyyən mənada Suriyada tətbiq olunması ehtimalı da istisna edilmir. Müəyyən mərhələlərdə bu yanaşmalara baxıla bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Analitik Suriyadakı yeni eranın başlanğıcı və perspektivlərlər bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, əl-Qolaniyə gəldikdə isə ABŞ prezidenti Co Baydenin son açıqlamaları diqqət çəkir:

“O bildirib ki, əl-Qolaninin keçmişi nəzərə alınsa da, əgər o, insan haqları ilə bağlı müsbət addımlar atarsa, ABŞ onunla əməkdaşlıq etməyə hazırdır. Bu, beynəlxalq siyasətdə formalaşan reallıqların qəbul edilməsi prinsipini bir daha təsdiqləyir. Dünya praktikasında belə bir qayda mövcuddur: qalib tərəf, adətən, mühakimə olunmur. Əgər əl-Qolani oyun qaydalarına riayət və Suriyadakı prosesləri idarə edib irəli aparmaq qabiliyyətini sübut edərsə, beynəlxalq güclər onunla hesablaşmaq məcburiyyətində qalacaqlar. Siyasət həm reallığı qəbul etmək elmi, həm də sənətdir. Qarşıdakı müddətdə bu istiqamətdə atılacaq addımlar proseslərin inkişafından asılı olacaq”.

M. Bünyadlı əlavə edib ki, əgər Suriyada bütün tərəflərin iştirakı ilə bir keçid hökuməti qurulub, böhranların daha da dərinləşməsinin qarşısı alına bilsə, ölkədə sabitliyə doğru əhəmiyyətli irəliləyiş baş verə bilər:

“Qərbin bu məsələdəki mövqeyi, eləcə də bölgədəki digər aktorlarla, o cümlədən İsrail, Türkiyə, İran, Rusiya və ərəb ölkələri ilə əməkdaşlığı proseslərin gedişatında mühüm rol oynayacaq. Müxtəlif maraqların toqquşması ilə yanaşı, onların uzlaşma ehtimalları da nəzərə alınmalıdır. Əgər tərəflər arasında razılıq əldə olunarsa və əl-Qolani bu maraqları bir araya gətirib ümumi nəticələrə nail ola bilsə, onun legitimliyi beynəlxalq səviyyədə tanına bilər. Bunu Əfqanıstan təcrübəsinə bənzər bir vəziyyət kimi də xarakterizə etmək olar. Lakin Suriyanın spesifik reallıqları, eləcə də bölgənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır. Həmçinin Suriyada proseslərin istiqamətini müəyyən edən əsas amillərdən biri Türkiyə və ABŞ-nin roludur. Bu iki ölkənin bölgədəki nüfuzu, eləcə də digər güclərlə əməkdaşlıq səviyyəsi qarşıdakı mərhələlərin necə inkişaf edəcəyini müəyyən edəcək”.

Rafi Müslümov

Seçilən
26
yenicag.az

1Mənbələr