"Tək atəşkəs yetərli deyil, Ukraynaya təhlükəsizlik zəmanətləri gərəkdir..."
Dekabrın 7-də Parisdə Ukrayna prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Moderator.az xəbər verir ki, "Reuters" nəşri görüşün təfərrüatları barədə məlumat verib.
Görüşdə Tramp müharibəyə tez bir zamanda son qoyulması üçün dərhal atəşkəs və danışıqlara tərəfdar olduğunu bəyan edib.
Zelenski görüşdə Trampla təmas qurmağa və Rusiya ilə müharibənin danışıqlar yolu ilə başa çatdırılmasının istənilən variantında Ukraynaya təhlükəsizlik zəmanətlərinin zəruriliyini izah etməyə cəhd göstərib.
"Üç lider 35 dəqiqə ərzində müşavirlərsiz söhbət edib, sülh bağlanmasının konkret detallarını müzakirə etməyib, lakin Tramp vurğulayıb ki, müharibəyə tez bir zamanda son qoyulması üçün dərhal atəşkəs və danışıqların başlanmasını istəyir", - agentlik görüşün gedişindən məlumatlı olan mənbələrə istinadən yazır.
Mənbələrdən birinin qeyd etdiyi kimi, Tramp "dostcasına, hörmətlə və səmimi" davranıb, görsənir ki, həmsöhbətlərini dinləməyə köklənib".
Bundan başqa, Ukrayna prezidenti Ofisinin məlumatına görə, görüşdə Zelenski tək atəşkəsin yetərli olmadığını, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin zəruriliyini qeyd edib, çünki Putin əvvəllər olduğu kimi atəşkəsi yenidən poza bilər.
Bunun necə qarşılandığı barədə suala cavabında mənbə deyib ki, "Tramp bütün detallar barədə düşünür".
Məmurlardan birinin deməsinə görə, Makron və Zelenski "Paris görüşündə eyni dalğada olub, lakin Trampı küncə sıxışdıran tərəflər kimi təsir bağışlamaq istəməyib". Onlar vəziyyətə öz baxışlarını ifadə edib, bu zaman vurğulayıb ki, ABŞ-ın Kiyevə dəstəyi olmadan çox çətin olacaq.
Makron həmçinin görüşdən avropalıların Ukraynaya dəstək üçün artıq çox şey etdiklərini və həmçinin onların təhlükəsizlik yükünün Birləşmiş Ştatlarla bərabər bölünməsinə hazır olduğunu sübut etmək üçün istifadə edib.
Makron və Zelenski həmçinin Trampa izah edib ki, 2024-cü ilin Putini 2017-ci ildə ötən prezidentliyi dönəmində olan Putin deyil.
Bundan başqa, Suriyada Bəşər Əsəd rejiminin süqutu və bunun Rusiyaya vurduğu zərbə həmçinin gələcək sülh danışıqlarında Moskvaya qarşı sərt mövqenin xeyrinə dəlil kimi istifadə edilib.
Tramp və Zelenski - xəbərlər
Tramp bəyan edib ki, Zelenski ilə görüşdə Ukraynada tammiqyaslı müharibə və onun başa çatdırılmasının mümkünlüyü müzakirə edilib. Bu zaman Tramp vurğulayıb ki, Zelenski atəşkəsdə maraqlıdır və "sülh istəyir".
Bundan başqa, Tramp müharibəni 24 saat ərzində başa çatdıracağı vədini də şərh edib. O, əmin edib ki, bunun üçün bütün mümkün olanları etməyə çalışacaq, amma bu, mürəkkəb məsələdir.