AZ

Azərbaycanın humanitar və qlobal sülhyaratma təşəbbüsləri yüksək dəyərləndirilir

Qlobal miqyasda sülhə, iqtisadi inkişafa və enerji təhlükəsizliyinə xidmət edən mühüm layihələrin icracısı kimi tanınan Azərbaycan ümumbəşəri humanist dəyərlərdən çıxış edərək, fövqəladə və ekstremal hallar zamanı ölkələrin qarşılıqlı dəstək və yardımlaşmasını təşviq edir, bu sahədəki addımları ilə sivil dünyaya örnək göstərir. Bir sıra ölkələrin üzləşdikləri təbii fəlakət və fövqəladə hallar, eləcə də  ekoloji problemlər zamanı rəsmi Bakının nümayiş etdirdiyi yüksək həssaslıq və nəcib yanaşma, göstərilən humanitar-texniki yardımlar deyilənləri bir daha təsdiq edir.

Dövlət başçısı İlham Əliyevin dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi və aparılan müzakirələr iki strateji müttəfiq ölkənin regiondakı və qlobal arenadakı sabitləşdirici rolunu, qlobal təhlükəsizlik, sülhyaratma və humanitar məsələlərdə eyni mövqedən çıxış etdiklərini bir daha təsdiqləyib. Telefon söhbəti zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Prezident İlham Əliyev Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş ölkə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini qeyd edib.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan müharibə və təbii fəlakətlərdən zərər çəkən onlarla ölkəyə humanitar və maddi yardım göstərən, bu istiqamətdə xüsusi fəallığı, təşəbbüskarlığı ilə seçilən ölkələrdən biri kimi tanınır. Qlobal çağırış və təhdidlərlə bağlı beynəlxalq əməkdaşlığa ehtiyacın artdığı bir zamanda, Azərbaycanın etibarlı tərəfdaş olduğu tam təsdiqini tapır. Hələ koronavirus pandemiyası dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər olunması, qarşılıqlı yardımlaşmanın təşviqi rəsmi Bakı üçün mühüm prioritetlərdən olub. Respublikamız pandemiya ilə əlaqədar fərdi qaydada və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə humanitar yardım göstərdiyi 80-dək ölkə arasında təkcə Qoşulmama Hərəkatında təmsil olunan geridə qalmış ölkələr deyil, Çin, İtaliya, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Moldova, Serbiya kimi dövlətlər də olub.

Ötən ay Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi COP29 zamanı isə bu reallıq təsqini tapıb ki, BMT-nin çağırışlarına səs verən rəsmi Bakı kiçik ada dövlətlərini dəstəkləmək, onların qlobal iqlim problemlərinin həllində fəal iştirakını təmin etmək kimi məsuliyyətli missiyanı üzərinə götürüb. Respublikamız Millətlər Birliyi ilə imzaladığı Birgə Bəyannamə əsasında həmin dövlətlərə 10 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Rəsmi Bakı hər hansı ölkədə dinc, günahsız insanların ölümünə, milli-dini, etnik zəmində qətlinə, sabitliyin pozulmasına səbəb olan münaqişələrin, gərginliklərin, habelə fövqəladə hadisələrin baş verməsini arzulamır. Respublikamız bunu 2020-ci ilin avqust ayında erməni əhalinin sıx yaşadığı Livanın paytaxtı Beyrutda çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən dəhşətli partlayış zamanı bir daha sübuta yetirib. Faciənin nəticələrinin aradan qaldırılması məqsədilə Livana 1 bir milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərməsi ölkəmizin beynəlxalq humanitar hüquqa əsaslanan sivil, humanist və insanpərvər yanaşması olub.

Prezident İlham Əliyevin tapşırığına əsasən, dost və qardaş Pakistan xalqının 2010-cu ildən etibarən müxtəlif vaxtlarda üzləşdiyi daşqınların ağır fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə bu ölkəyə Azərbaycan dövləti adından 7 milyon ABŞ dollarına yaxın yardım edilib. Bundan əlavə, respublikamız bir sıra Avropa ölkələrində tarixi-dini abidələrin, o cümlədən Fransanın 2019-cu ildə dəhşətli yanğından ciddi zərər görmüş məşhur Notr-Dam kilsəsinin təmirinə zəruri maliyyə yardımı ayırmaqla, humanist missiyaya sadiqliyini göstərib. Rəsmi Bakının 3 ildən çox müddətdə dəhşətli müharibə ilə əlaqədar Ukrayna xalqına müntəzəm olaraq göstərdiyi qida, dərman, yanacağ  və texniki yardımların dəyəri 40 milyon ABŞ dollarından çoxdur.

Ən çətin və ekstremal məqamlarla Azərbaycan və Türkiyənin bir-birinin yanında olmaları, qarşılıqlı yardımlaşmaları ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin dərin mənəvi köklərə, səmimiyyətə söykəndiyini təsdiqləyib. Xatırladaq ki, Azərbaycan 2021-ci ilin iyul-avqust aylarında Türkiyəyə meşə yanğınları zəminində dəstək verən ilk ölkə olub. Eyni zamanda, Prezident İlham Əliyevin 2023-cü ilin fevralında Türkiyənin Kahramanmaraş və digər şəhərlərində baş verən, dəhşətli dağıntılara, insan tələfatına səbəb olan zəlzələyə operativ reaksiyası, verdiyi tapşırıqlar ölkəmizin yüksək həssaslığını, dostluq və qardaşlıq münasibətlərinə sadiqliyini  göstərib. Azərbaycan hökumətinin Kahramanmaraşın bölgələrinin birində yaşayış binalarının və sosial infrastruktur obyektlərinin inşası məqsədilə 100 milyon ABŞ dolları məbləğində vəsait ayırması da deyilənləri bir daha təsdiq edir.

Bütün bunların fonunda Azərbaycanın Türkiyə ilə birgə Suriyada təkcə humanitar deyil, təhlükəsizlik məsələlərində də fəal rol oynamaq imkanları böyükdür. Azərbaycan Ordusu 20 ilə yaxın müddətdə İraq və Əfqanıstanda NATO sülhməramlılarının tərkibində sülhyaratma missiyasında fəal iştirak edib və bu sahədə böyük təcrübəyə malikdir. Bütün bunlarla yanaşı, Türkiyə özü də yeganə müttəfiqi olan Azərbaycanın Suriyada vəziyyətin tənzimlənməsi və gərginliyin aradan qaldırılmasında roluna xüsusi önəm verir.

MTM Analitik Qrup

Seçilən
22
50
qafqazinfo.az

10Mənbələr