AZ

Suriya məsələsində yeni dönəm- Azərbaycan və Türkiyənin birgə rolu  

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də Suriyada son vəziyyət barədə bəyanat yayıb. Bəyanatda bildirilib ki, Azərbaycan Suriyada baş verən prosesləri izləyir.

Qeyd edilib ki, bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.

“Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir.

Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır”, - XİN-dən vurğulanıb.

Xəyal

Azərbaycanın Suriyadakı son vəziyyətlə bağlı mövqeyini Musavat.com-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov qeyd edib ki,  Azərbaycan dövlətinin siyasəti həm regionda, həm qonşu dövlətlərdə, xüsusilə bizimlə eyni dini, eyni dəyərləri bölüşən ölkələrdə, o cümlədən əhalisinin mütləq əksəriyyəti müsəlman olan Suriyada sabitliyin, sülhün təmin olunmasında maraqlı olduğunu göstərir:

“Nəzərə alaq ki, Suriya həm də bizimlə müttəfiq və dost olan Türkiyə ilə həmsərhəddir. Türkiyə uzun illər mərkəzi Suriyada olan terror təşkilatlarının hədəfində olub. Bu proses bu gün də davam edir. İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərdi. Azərbaycan da Türkiyəyə qarşı hücumlar, təhlükə olduğu məqamda Türkiyənin yanında olduğunu göstərir. Azərbaycan öz gücü daxilində sülhün, təhlükəsizliyin təmin edilməsi üçün əlindən gələni etməyə hər zaman hazırdır. Bəzi qüvvələr Suriya amilindən Türkiyəyə qarşı istifadə etməyə çalışıblar. Suriyadan hər hansı təhlükə varsa, təhlükənin qarşısının alınması, eyni zamanda Suriya xalqına göstəriləcək humanitar yardımın həyata keçirilməsi üçün Türkiyənin yanında olacağımız dövlət başçısı səviyyəsində bəyan edilib. Azərbaycan bu prosesdə təkcə Türkiyə deyil, eyni mövqeyi bölüşən, eyni siyasi məqsədləri hədəfləyən digər dövlətlərlə birgə iştirak etmək niyyətini ortaya qoyub. Azərbaycan öz ərazisində terror qruplaşmalarının kökünün kəsilməsinə nail oldu. Bu, terrorla mübarizədə Azərbaycanın ortaya qoyduğu nümunə idi. Eyni zamanda humanitar yardımla bağlı Azərbaycan dünya səviyyəsində ciddi uğurlara imza atıb. Pandemiya dövründə Azərbaycan bir çox ölkəyə humanitar yardım göstərdi. Rusiya-Ukrayna müharibəsi ilə bağlı Ukraynaya humanitar yardım göstərilməsi də nümunə hesab oluna bilər. Düşünürəm ki, bütün bunlar Azərbaycanın qlobal səviyyədə mövcud olan bütün problemlərin həlli istiqamətində hər zaman seçildiyini sübut edir. Bu gün də regiona aid olmasa da, Yaxın Şərqdə baş verən proseslərə Azərbaycanın töhfə vermək niyyəti dünya tərəfindən təqdir olunmalıdır. Türkiyə tərəfindən olduğu kimi, dünya dövlətləri tərəfindən də müsbət dəyərləndirilməlidir”.

X.Bəşirov vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra təkcə regional deyil, dünyada baş verən proseslərə müsbət mənada müdaxilə etmək imkanını ortaya qoyub:

“Azərbaycan hər zaman qlobal məsələlərin həllində öz mövqeyini ortaya qoyub. Biz bunu pandemiya dövründə də həyata keçirmişdik. Qoşulmama Hərəkatına sədrlik, BMT-nin dövlət və hökumət başçılarının sessiyasında Azərbaycanın mövqeyi sərgilənmişdi. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mövqeyi bütün dünyaya bəllidir və mütləq əksəriyyət tərəfindən dəstəklənir. COP29 sədrliyi böyük uğura nail olub, inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. Bütün bunlar Azərbaycanın qlobal məsələlərinin həllində həm də iştirakçı kimi maraqlı olduğunun göstəricisidir”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
42
50
musavat.com

10Mənbələr