AZ

AzMİU və İngiltərənin Vestminster Universiteti əməkdaşlığı genişləndirir

İngiltərənin Vestminster Universitetinin iki tanınmış professoru – Memarlıq və Şəhərlər Məktəbinin rəhbəri Samir Pandya və həmin universitetin kurs rəhbəri Nasser Golazarini Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar. Səfər AzMİU ilə Vestminster Universiteti arasında memarlıq abidələrinin bərpası və yenidən qurulması üzrə magistratura səviyyəsində ikili diplom proqramı çərçivəsində reallaşıb.

Bu barədə TƏHSİL.BİZ-ə AzMİU-dan bildirilib. Qeyd olunub ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşdə tərəflər mövcud əməkdaşlığın vəziyyətini və perspektivlərini geniş müzakirə ediblər. İngiltərəli professorlar hər iki universitetin elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili və müasir tədris metodlarının tətbiqi ilə bağlı dəyərli təkliflər irəli sürüblər.

Rektor G.Məmmədova AzMİU-nun beynəlxalq tərəfdaşlıq əlaqələrini şaxələndirmək istiqamətində atılan addımları yüksək qiymətləndirərək universitetin gələcəkdə daha böyük akademik uğurlara nail olması üçün bu əməkdaşlıqları davam etdirməyə hazır olduğunu bildirib. O, həmçinin qonaq professorların tələbələrə keçdikləri mühazirə və praktiki dərslərin onların akademik inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Vestminster Universitetinin professorları AzMİU-nun Memarlıq fakültəsinin tələbələrinə “Şəhərin yenidən oxunması və həssas şəkildə yenidən qurulması” mövzusunda mühazirə oxuyublar. Bundan əlavə, onlar III və IV kurs bakalavriat tələbələri üçün praktiki dərslər (vörkşoplar) təşkil ediblər. Tələbələr bu dərslərdə portfolioların hazırlanması və beynəlxalq standartlara uyğun yaradıcılıq işlərinin hazırlanması ilə bağlı biliklər əldə ediblər.

Görüş zamanı Vestminster Universitetinin nümayəndələri AzMİU-nun Memarlıq fakültəsinin RIBA-nın (Royal Institute of British Architects) ikinci mərhələsi (Part 2) akkreditasiyasından keçməsi üçün dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Bu akkreditasiya AzMİU-nun tədris proqramlarının beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyəcək və məzunların qlobal memarlıq sahəsində karyera imkanlarını genişləndirəcək.

Hər iki universitet tələbə və müəllim heyəti arasında bilik və təcrübə mübadiləsini gücləndirmək, birgə tədqiqatlar və təhsil proqramları həyata keçirmək üçün əməkdaşlıq etmək niyyətini ortaya qoyub. Bu cür tərəfdaşlıq Azərbaycanın təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verməklə yanaşı, ölkənin memarlıq sahəsində dayanıqlı inkişafını dəstəkləyəcək.

phrase_var_article.chosen
21
3
tehsil.biz

4phrase_var_article.sources