AZ

Neft və Sənaye Universitetində Akademik İnkişaf Şurası yaradılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ölkənin aparıcı dövlət və özəl şirkət nümayəndələrinin iştirakı ilə Akademik İnkişaf Şurası yaradılıb.

ADNSU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, şuranın əsas məqsədi bakalavr və magistr proqramlarının sosial, peşəkar və iqtisadi mühitdəki dəyişikliklərə uyğun inkişafını təmin etməkdir.

Akademik İnkişaf Şurası universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, elmi nəticələrin istehsalat müəssisələrində tətbiqi, seçmə fənlər blokunun əmək bazarının bugünkü tələblərinə uyğun olaraq formalaşdırılması kimi istiqamətlər üzrə müzakirələr aparacaq və təkliflər verəcək.

Şuranın universitetdə tədris olunan ixtisasları tam şəkildə əhatə etməsi və 7 istiqamət üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Hər bölməyə rəhbərliyi müvafiq fakültə dekanı həyata keçirəcək. Bölmənin üzvləri müvafiq kafedra müdirlərindən, ixtisas sayına görə seçilmiş bir nəfər müəllim, tələbə və məzundan, eləcə də hər ixtisas üzrə müvafiq 2 şirkətin nümayəndəsindən ibarət olacaq. Bölmə iclaslarının tədris semestri ərzində 2 dəfə olmaqla toplantılarının keçirilməsi, müzakirələrin protokollaşdırılaraq rektorluğa təqdim olunması nəzərdə tutulur.

Akademik İnkişaf Şurasına sədrliyi universitetin rektoru həyata keçirir. Şuranın cari işlərini həyata keçirməsi məqsədilə sayı 15 nəfərdən ibarət İdarə Heyəti - 5 daimi üzvdən (tədris işləri üzrə prorektor (İdarə Heyətinin sədri), elmi işlər üzrə prorektor, UFAZ-ın icraçı direktoru, sənaye müəssisələri üzrə rektorun müşaviri, Karyera Mərkəzinin direktoru) və 10 nəfər rotasiya ilə dəyişən üzvdən (1 dekan, 1 kafedra müdiri, 1 müəllim, 1 tələbə, 1 məzun və 5 şirkət nümayəndəsi) formalaşdırılır.

Şura hər bir bölmə üzrə nümayəndələrin iştirakı ilə tədris ili ərzində 2 dəfə - hər tədris semestri başa çatdıqdan sonra toplanır və bölmələrin təqdim etdiyi təklif və rəylərlə bağlı qərar verir. Toplantılarda uyğun ixtisas sahələri üzrə hesabatlar dinləniləcək, sənayedə baş verən dəyişikliklər barədə məlumat veriləcək, tədrisin yeni tələblərə uyğunlaşdırılmasına dair təkliflər irəli sürüləcək.

Akademik İnkişaf Şurasının qərarları ADNSU böyük Elmi Şurasında qəbul edildikdən sonra qüvvəyə minir.

phrase_var_article.chosen
18
3
tehsil.biz

4phrase_var_article.sources