Bu gün xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
News365.az XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F.Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Danışıq zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.