Hər bir xalqın tarixində taleyüklü şəxsiyyətlər var ki, onların xidmətləri köklü dəyişikliklərə, dövlətçiliyin inkişafında güclü təkana gətirib çıxarmışdır. Türkiyə üçün bu, Mustafa Kamal Atatürk, Azərbaycan üçün isə Heydər Əliyev olmuşdur.
SİA xəbər verir ki, bu fikrimüsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.“Liderlər zaman keçdikcə dünyadan köçür, amma onların işləri və vəsiyyətləri yaşayır, xatirələri isə ölmür. Azərbaycanın müasir dövlətçiliyinin əsasında, şübhəsiz ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilməkdə və təkmilləşdirməkdə davam edən Heydər Əliyev fəlsəfəsi və kursu durur”, - deyə H.Kılıç vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın dahi oğlu sovet dövründə də dialoq körpüləri qurmağa, ortaq dəyərləri möhkəmləndirməyə, türk xalqları arasında sıx əlaqələr yaratmağa çalışıb.
“Heydər Əliyevin SSRİ dövründə nail olduğu zirvələr, şübhəsiz ki, bütün Türk dünyasının qürur mənbəyi idi”, - deyə “İMZA” İctimai Birliyinin nümayəndəsi vurğulayıb.
H.Kılıçın fikrincə, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə Azərbaycan üçün deyil, digər müstəqil türk dövlətləri üçün də ümid mənbəyi oldu.
“Dövlət quruculuğu və idarəçiliyində zəngin təcrübəyə malik Heydər Əliyev Türk dünyasında inteqrasiya və birliyə mühüm töhfələr verib”, - deyə o davam edib.
H.Kılıç xatırladıb ki, 1994-2001-ci illərdə Heydər Əliyev türk dövlətləri liderlərinin 6-cı zirvə toplantısında iştirak edib, bu görüşlərdə qardaş xalqların bir-birinə daha da yaxınlaşması üçün mühüm bəyanatlar və təkliflər verib. Azərbaycan xalqının Ümummilli Lideri əmin idi ki, qarşıdan gələn dövr türk dövlətlərinin dinamik inkişafı, konstruktiv dialoqu və qarşılıqlı faydalı səyləri əsrinə çevriləcək.
H.Kılıç Ümummilli Liderin Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi töhfələrə də diqqət çəkib.
“Dahi dövlət xadimi Moskvadan Naxçıvana qayıtdıqdan sonra Türkiyə ilə əlaqələrə xüsusi önəm verdi. Məhz Heydər Əliyevin sayəsində 1992-ci ildə “Ümid körpüsü” açıldı”, - deyən Türkiyənin keçmiş səfiri Ümummilli Lider Heydər Əliyev ilə Türkiyənin o dövrün Baş naziri Süleyman Dəmirəl arasında çox gözəl şəxsi münasibətlərin olduğunu xatırladıb.
H.Kılıç daha sonra Heydər Əliyevin 1994-cü ildə Ankaraya ilk səfərini və bu səfər zamanı dahi siyasətçinin ölkə parlamentində çıxış etdiyini xatırladıb: “Heydər Əliyevin Böyük Millət Məclisindəki çıxışı Türkiyənin milyonlarla sakininin sevgi və hörmətini qazandı. Onun adı siyasətçinin “Bir millət, iki dövlət” kəlamında vurğuladığı Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın tarixi ifadəsi ilə ayrılmaz şəkildə bağlıdır.
“İMZA” İctimai Birliyinin nümayəndəsi vurğulayıb ki, Heydər Əliyevin vəsiyyətləri Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində addım-addım həyata keçirilir - Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilib, türk dövlətlərinin inteqrasiyası möhkəmlənir.
O, 2004-cü ildə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətini də yüksək qiymətləndirib.
“Heydər Əliyev Fondunun istər Azərbaycanın daxilində, istərsə də xaricdə həyata keçirdiyi yüzlərlə proqram və layihələr Ümummilli Liderin dünyagörüşü və ideallarına əsaslanır və respublikanın beynəlxalq nüfuzunu hər yerdə artırır”, - deyə Türkiyənin keçmiş səfiri vurğulayıb.
H.Kılıç Heydər Əliyevin xatirəsinin əbədi yaşayacağına əminliyini ifadə edib.