AZ

Rza Səfərsoya hökm oxunub: 2 il 9 ay

Fəal qanunsuz silah saxlamaqda təqsirli bilinib, amma o, ittihamı qəbul etməyib

Həbsdəki siyasi fəallardan biri – özünü Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti (ALÖV) Partiyasının sədri kimi təqdim edən Rza Səfərsoyun işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanunsuz silah saxlamaqda ittiham olunan Rza Səfərsoy dekabrın 11-də Xəzər Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl məhkəmədə prokuror Surac Salmanov çıxış edib. 

O iddia edib ki, Rza Səfərsoya qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsilə irəli sürülmüş ittiham – onun evindən TT markalı odlu silahın tapılması haqda ittihamda yazılanlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Prokuror Rza Səfərsoyun 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Nazim Musayev isə Rza Səfərsoyun təqsirsiz olduğunu, ona qarşı irəli sürülmüş qanunsuz silah saxlama ittihamının məhkəmədə təsdiqini tapmadığını bildirib. Bununla bağlı dəlillərini hakim Hüseyn Hüseynlinin nəzərinə çatdırıb. Müdafiəçi çıxışının sonunda müvəkkilinə bəraət verilməsini və onun məhkəmə zalından azadlığa buraxılmasını istəyib.

Daha sonra Rza Səfərsoy çıxış edərək, siyasi fəaliyyətinə, tənqidi çıxışlarına görə sifarişlə həbs edildiyini bildirib. 

Onun sözlərinə görə, silahı da evinə polislər ataraq, onu şərləyir.

Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, hakim Rza Səfərsoyun 2 il 9 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Rza Səfərsoy 2023-cü ilin noyabrından həbsdədir. İddia olunur ki, onun Xəzər rayonu, Binə-sovxoz adlanan ərazidəki evində axtarış zamanı silah tapılıb.

Rza Səfərsoy bundan öncə də məhz Facebook paylaşımlarına görə həbsdə olub. 

O, 2018-ci ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə 7 ay həbsdə saxlanmışdı. 

Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələrilə ittiham olunan Rza Səfərsoya Səbail Rayon Məhkəməsinin hökmüylə 2 il azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. 

Sonradan Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişərək, müddəti 7 aya endirib, 2019-cu il fevralın 11-də onu məhkəmə zalından azad etmişdi.

Qarabağ müharibəsi veteranı olan Rza Səfərsoy həm də ikinci qrup əlildir. 

O, Silahlı Qüvvələrdə zabit kimi xidmət edib, lakin səhhətindəki problemlərə görə ehtiyata buraxılıb.
Seçilən
48
arqument.az

1Mənbələr