AZ

Blinken Azərbaycan hakimiyyətindən jurnalist və fəalları azad etməsini tələb edir

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanda Vətəndaş Cəmiyyəti və mediaya qarşı təzyiqlərin gücləndirlməsi ilə bağlı bəyanatla çıxış edib. 

"Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, bir müddət əvvəl Meydan TV-nin həbsdə olan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır. Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır”, - ABŞ Dövlət katibinin mətbuat üçün bəyanatında deyilir.

O bildirir ki, həbs edilənlərdən iki nəfəri insan haqlarını müdafiə etdikləri üçün bu həftə Vaşinqtonda olmalı idi: "Rüfət Səfərov siyasi motivli həbslər və təqiblər, hökumətin korrupsiyası və işgəncə iddialarını sənədləşdirən və hesabatlar hazırlayan "Müdafiə Xətti” vətəndaş cəmiyyəti təşkilatının həmtəsisçisidir. O, Azərbaycanda qalan azsaylı tam ştatlı hüquq müdafiəçilərindən biridir və işinə görə hədəfə alınıb. Azərbaycan hakimiyyəti cənab Səfərovu dekabrın 3-də, o, Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatını almaq üçün ABŞ-a getməsinə bir neçə gün qalmış saxlayıb". 

""Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və komandası dövlət məmurlarının nəzarətində olan şirkətlərdə qanunsuz tenderlərin keçirilməsi barədə məlumat verib, dövlət vəsaitinin külli miqdarda mənimsənilməsi ilə bağlı iddiaları araşdırıb. Onun işi hakimiyyətin qəzəbinə səbəb olub və o, 2023-cü ilin noyabr ayından istintaq təcridxanasında saxlanılır. Xanım Vaqifqızı dekabrın 9-da qiyabi olaraq Dövlət katibinin 2024-cü il Antikorrupsiya Çempionları mükafatını alıb”, Dövlət katibi bildirir. 

"Biz Azərbaycan hökumətini insan haqları naminə müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və ATƏT-ə daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, - sənəddə qeyd edilir.

Azərbaycanda nə baş verir? 

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

2024-cü il mayın 31-də isə "Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı "AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün "AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında siyasi məhbus kimi tanınan təqribən 300-dən artıq şəxs var.
Seçilən
20
arqument.az

1Mənbələr