AZ

Azərbaycanın Çindəki Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Bakı, TurkicWorld

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində anım mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, ilk öncə Ümummilli Lider Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Daha sonra Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb. Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib.

Səfir bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxarıb, işıqlı gələcəyin etibarlı bünövrəsini yaradıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətinə çevrilib.

Həmçinin səfir B.Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi diqqət, Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfərinin iki ölkə əlaqələrində xüsusi əhəmiyyəti barədə məlumat verib.

Sonda Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş Ulu Öndərin həyat və yaradıcılığna həsr olunmuş "İz" filmi nümayiş olunub.

Tədbirdə Çində yaşayan və təhsil alan soydaşlarımız, həmçinin həmin gün Pekində olan "Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş heyəti də iştirak edib.

Seçilən
24
3
turkic.world

4Mənbələr