Bu gün Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 21-ci ildönümü ilə əlaqədar Naftalanda anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, anım tədbirində ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şəhər İcra Hakimiyyəti tərəfindən anım günü ilə əlaqədar şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti üçün ehsan süfrəsi açılıb.