AZ

Bizi cəbhəyə vuruşmağa göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız -


“O, cəbhədən qayıdandan sonra arvadını güdüb, onu yüksək vəzifəli Quliyevin evində tutub və...”

O deyirmiş ki, Mir Cəfər Bağırov özünü pis aparır, arvadlarla gəzir, işçiləri döyür...” 
 
"Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından...
 
 (Əvvəli burada: )
 
 
Şahid Ziyalov Andrey Sionoviç: (“NKVD”-də istintaq şöbəsinin müdiri işləyib). 
 
Sual: 
 
-1944-cü ildə Azərbaycan CM-nin 72-ci maddəsinin 2-ci bəndi ilə müqəssir bilinib həbs olunan Nəsirov Qulam Abbasovuçin istintaq işi sizə məlumdurmu? 
 
Cavab: 
 
-Bəli, həmin işin təfərrüfatı mənə məlumdur. O vaxtlar mən “NKVD”-də istintaq şöbəsinin müdiri idim. Nəsirovun işini aparan müstəntiqin adı isə yadımda deyil... 
 
Sual: 
 
-Nəsirov nə ilə əlaqədar həbs edilmişdi? 
 
Cavab: 
 
-Qulam Nəsirov dilinin bəlasına düşmüşdü. O deyirmiş ki, Mir Cəfər Bağırov özünü pis aparır, arvadlarla gəzir, işçiləri döyür. 
 
Sual: 
 
-Nəsirovun Azərbaycan SSR CM-nin 72-ci maddəsi ilə həbs olunmasına əsas var idimi? 
 
Cavab: 
 
-Mən belə hesab edirəm ki, Nəsirovu həbs etməyə əsas yox idi və bu barədə Yemelyanova da məlumat vermişdim. Ancaq Yemelyanov etiraz edib dedi: “Ona bir qədər əl gəzdirmək lazımdır”. 
 
Nəsirov öz ilkin ifadələrindən imtina edəndən sonra Yemelyanov mənim yanımda onu otağına çağırdı. (Dindirilmə protokollaşdırılmırdı). Yemelyanov Nəsirovdan tələb edirdi: “Sən hər şeyi boynuna almalısan”. Yemelyanov bir də onun üstündə dururdu ki, Nəsirov Yegizarovun(Anastas Mikoyanın bacanağı- red.) və Cəmil Mirzəyevin antisovet fəaliyyəti və onlarla söhbət zamanı Bağırovun nalayiq hərəkətləri barədə verdiyi ilkin ifadəni təsdiq etsin. Nəsirov cavab verdi ki, onun heç bir günahı yoxdur. Lakin Yemelyanov yenə də onu söyür, üstünə qışqırıb hədələyirdi: “Səni şil-küt edib, güllələyəcəyəm”. 
Qeyd etməliyəm ki, Bağırov və Yemelyanov Yegizarovla daim maraqlanırdı. 
 
Sual: 
 
-İstintaq zamanı müstəntiqlər Nəsirovu döyürdülər. Sizin bundan xəbəriniz var idimi? 
 
Cavab: 
 
-Nəsirovun döyülüb-döyülməməsi mənə məlum deyil. 
 
Sual: 
 
-Bu işə daha nə əlavə edə bilərsiniz? 
 
Cavab: 
 
-Belə bir əhvalatı xatırayıram ki, 1942-ci, ya da 1943-cü ildə mənə Əhmədov familiyalı bir dustaq düşmüşdü. O öz arvadını Azərbaycan Xalq komissarları sovetinin sədri Teymur Quliyevin mənzilində tutmuşdu, elə onun üstündə də həbs olunmuşdu. O vaxtlar mən “NKVD”-də istintaq şöbəsinin müdirinin müavini idim. Yaqubov dustağı mənə təhvil verəndə dedi: “Onunla əməlli-başlı məşğul olmaq lazımdır”. 
Mən Əhmədovun istintaqına başladım, o dedi: “Bizi cəbhəyə göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız”. Sonra isə danışdı ki, arvadının pis yola düşməsindən çoxdan şübhələnirmiş, çünki cəbhədən gələndən sonra onun çox yüksək şəraitdə yaşadığını görübmüş. O, arvadını güdür, onun Teymur Quliyevin mənzilinə getdiyini görür və onları görüş vaxtı bir yerdə görür. Əhmədov T. Quliyevin üzərinə atılıb boğazından yapışır, Quliyevin mənzilini qoruyan milis nəfəri özünü yetirir... 
 
Mən Əhmədovu dindirəndən sonra bütün təfərrüfatı yazılıb qeyd etdim. Sonra dustaq Əhmədovu Yaqubovun yanına apardılar. İstintaq protokolunu da məndən aldılar. Əhmədovun aqibətindən xəbərim olmadı, sonralar onun Kommunist küçəsindəki barın müdiri vəzifəsində işlədiyini öyrəndim...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın

Seçilən
42
1
nuh.az

2Mənbələr