Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Tacikistandakı Səfirliyində anım mərasimi keçirilib.
Ümummilli Lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə əklil qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxış keçirilib.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyat yolu, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi mühüm və əvəzedilməz xidmətlərdən danışmış, onun səyləri nəticəsində Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısının alınması, sabitliyin bərpa olunması, ölkənin inkişaf yoluna qədəm qoyması barədə məlumat vermişdir.
Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar olması ilə nəticələndiyi, regionun sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətinə çevrildiyi qeyd olunmuşdur.
Səfir Əlimirzamin Əskərov, həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Tacikistan münasibətlərinin inkişafında göstərdiyi xidmətlərdən söhbət açmışdır.
Tədbirdə Tacikistanda yaşayan azərbaycanlılar və digər qonaqlar iştirak etmişlər.