AZ

Suriyanın yeni hökumətinə məzhəb şərti

G7 ölkələri Suriyada etibarlı, əhatəli və məzhəbsiz idarəetməyə aparan keçid prosesini dəstəkləməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeddilik” qrupunun bəyanatında deyilir.

G7 bildirir ki, Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatmasından sonra siyasi keçid qanunun aliliyi, insan haqları və qadın hüquqlarına hörmət, bütün suriyalıların, dini və etnik azlıqların müdafiəsi, şəffaflıq və hesabatlılıq əsasında olmalıdır.

Bəyanatda qeyd edilir: “Böyük Yeddilik bu standartlara əməl edən və bu prosesdən nəticə çıxaran gələcək Suriya hökuməti ilə işləyəcək və onu tam dəstəkləyəcək”.

Ölkələr həmçinin bütün tərəfləri Suriyanın ərazi bütövlüyünü və milli birliyini qorumağa, müstəqilliyi və suverenliyinə hörmət etməyə çağırıblar.

G7-yə ABŞ, Yaponiya, Kanada, Almaniya, İtaliya, Böyük Britaniya və Fransa daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
26
teleqraf.com

1Mənbələr