AZ

“Əbədi ömrün ikinci əsri”

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib.

Mərasimdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək  ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən danışıb. 

Həyata keçirdiyi böyük işlərlə adını tarixə yazdıran görkəmli şəxsiyyətlərin xatirəsinin Azərbaycan xalqı tərəfindən hər zaman dərin hörmətlə anıldığını söyləyən muzeyin direktoru Heydər Əliyevin adının tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olduğunu, müasir müstəqil Azərbaycanın isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildiyini vurğulayıb.

“Heydər Əliyevin əbədi ömrünün artıq birinci əsri başa çatıb, ikinci əsri davam edir. Düşünürəm ki, bu görkəmli şəxsiyyətin əsl portretini gələcək zaman daha dəqiqiliyi və bütün çalarları ilə bizə təqdim edəcək”, ­­- deyə bildirən akademik Rafael Hüseynov qeyd edib ki, zaman keçdikcə insanlarımız Ulu öndəri daha yaxşı tanıyacaq, onun əvəzsiz xidmətlərinin mənasını daha dərin dərk edəcəklər. 

O, Heydər Əliyevin müstəqilliyimizin yalnız XX əsr içərisində deyil, bütün gələcək boyu  yaşamasının əsas memarı olduğunu bildirib.

Akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, Ulu öndər 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra dövlətimizin müstəqilliyi çox böyük təhlükələr qarşısındaydı. Xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamış, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almış, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

Cari ilin oktyabr ayında xalqımız böyük sevinc və təntənə ilə dövlət müstəqilliyimizin bərpasının 33-cü ilini qeyd etdi. Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev tarixi ənənələri qoruyaraq bu müstəqilliyi peşəkarlıqla davam etdirdi və ən yüksək səviyyəyə çatdırdı.

Akademik Rafael Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində möhtəşəm Zəfərimizin memarıdır. O, Ümummilli liderin 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı layiqincə doğruldaraq bütün dünyaya güclü Azərbaycan modelini təqdim etdi.  Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır. 

Muzeyin direktoru Ulu öndərin 90-cı illərin sonlarında verdiyi müsahibələrinin birində səsləndirdiyi “Mən Azərbaycanda həmişə olacağam”, - ifadəsini xatırladaraq qeyd edib ki, illər ötdükcə Heydər Əliyevin zamana və məkana sığmayan nəhəngliyi daha qabarıq şəkildə özünü göstər.  

Digər çıxış edənlər görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında gördüyü böyük işlərdən danışıb, Ulu öndərin əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim ehtiramla xaırlanacağını bildiriblər.

Qabil YUSİFOĞLU 
XQ

Seçilən
23
1
xalqqazeti.az

2Mənbələr