Futbol üzrə Argentina millisinin ulduz hücumçusu Lionel Messi Azərbaycana səfəri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Arena.az xəbər verir ki, o, paylaşdığı videoda Azərbaycanda gördüyü və gəzdiyi yerləri göstərib.
Xatırladaq ki, əfsanəvi futbolçu bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” klubunda komanda yoldaşları olan Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıda bir günlük səfərdə olub. Onlar Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”nin heyətində çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.
Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.