Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri Miraslan Bəkirli ixtisasca ali təhsilli geoloq olsa da, iş-güc taleyini mətbuata, televiziyaya bağlamışdır. Bir sözlə, ömrünü qələmlə həmdəm olmağa könül vermişdir.
1984-cü ildən bədii yazıları ilə müntəzəm olaraq ədəbi orqanlarda çap olunan yazıçı bu gün peşəkar qələm ustası kimi Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan bir yazıçı kimi “Çən qarısı” (uşaq hekayələri), “İstək” (hekayələr, povetlər, esse və mənsur şeirlər), “Qaçqının ünvanı olmur” (publisistika), “Kəndim-kədərim” - 2 cilddə (publisistika), “Əsərlər” - 1-5-ci cildlər (hekayələr, povestlər, publisistika və “Sürgün”, “Mübariz” romanlarının müəllifi kimi tanınır. Miraslan Bəkirlinin son illərdə yazdığı iki romanı ona böyük şöhrət gətirmişdir: “Sürgün” və “Mübariz”.
İstedadlı yazar Miraslan Bəkirlinin “Sürgün” romanı Qərbi Azərbaycanın tarixinə həsr olunmuş əsərlərdən biridir. Romanın digər oxşar mövzulu əsərlərdən fərqli cəhəti ondan ibarətdir ki, burada əzablara məruz qalmış soydaşlarımızın, imperiyanın millətçi erməni cəlladlarına qarşı hər bir şəraitdə göstərdiyi mübarizə iradəsi ön plandadır. Əsərin başlanğıcında Sibirə sürgün olunan insanların yük vaqonlarında yaşadığı ağır məşəqqətlər təsvir olunur. Bu dramatik səhnələrdən biri - Əsədin milliyyətcə erməni komendantına nifrəti oxucuda həm təskinlik, həm də bir haqqın bərpa olunduğu hissini yaradır. Yazıçı hadisələri öz ruhunda yaşayıb və təsvir obyektini dəqiqliklə seçmişdir. Romanın qəhrəmanları olan Qərbi Azərbaycan türkləri çətin şəraitdə olsalar da, qisas almağı və şərə qalib gəlməyi bacarmışlar.
“Sürgün” romanında müasir gənclik üçün ibrətamiz dərslər, çətinliklərə qarşı mübarizə yolları və tariximizin unudulmaması üçün vacib mesajlar verilir. Bu əsər, keçmişimizi dərk etmək və gələcəyimizə daha güclü addımlarla irəliləmək üçün əvəzsiz mənbədir.
“Mübariz” romanında iyirmi iki yaşlı Azərbaycan - türk əsgərinin qeyri-adi qəhrəmanlığı təsvir edilir. Əsərdə, müəllifin də yazdığı kimi, türk əsgərinin ümumiləşdirilmiş obrazı yaradılıb və oxucuları bu qəhrəmanlıq nümunəsinə inanmağa çağırır. Mübariz İbrahimov müasir dövrdə öz qəhrəmanlığı ilə milyonları heyrətləndirib. Bu əsər, Milli Qəhrəman Mübariz İbrahimovun timsalında, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə ithaf edilib.
Miraslan Bəkirli çox təsirli, düşündürücü esselərin müəllifidir: “Gecikmə”, “Bu Mənəm”, “Qardaşlar”, “Didərginlik dərdi”, “Qan yaddaşı”, “Etiraf”, “Torpaq”, “İstərəm” və sair.
Bu esselər müxtəlif mövzulara toxunsa da, bir-birini tamamlayan dərin insanilik və emosional zənginliklə doludur. Onların hər birinə ayrılıqda nəzər salaq:
“Bu Mənəm” adlı bir essesində şəxsiyyətin bütövlüyü, kimlik və həyatın mahiyyəti üzərində qurulmuşdur. Müəllif öz mənliyini müxtəlif metaforalar vasitəsilə təsvir edir: Nər kimi, ər kimi, şir kimi, pir kimi - bu ifadələr müəllifin öz şəxsiyyətini, gücünü, məsuliyyətini və inancını simvollaşdırır. Müəllif həm babalarının irsini daşıyan bir ər, həm övladlarına dayaq olan bir şir, həm də Tanrıya bağlı bir pir kimi görünür.
“Gecikmə...” - bu essedə gözləmə həm təcrübə, həm də introspeksiya üçün bir vasitə kimi göstərilir. Həsrət çəkilən insanın nə vaxtsa gələcəyinə olan ümid, bu gözləməni mənalı və gözəl edir.
“Bu Mənəm” və “Gecikmə” əsərlərində müəllifin daxili dünyası zəngin poetik təsvirlərlə açılır. “Bu Mənəm” insanın öz kimliyini dərk etməsi və bu kimliyi qorumaq ehtirasını ifadə edərkən, “Gecikmə...” gözləmənin və həsrətin gətirdiyi hisslərə və bu hisslərin insanın mənəvi inkişafına təsirinə fokuslanır. Hər iki əsərin əsas mesajı insanın öz daxili dünyası ilə bağlıdır: birincidə şəxsiyyətin gücü və sabitliyi, ikincidə isə gözləməkdən doğan hüzur və bağışlamaq qabiliyyəti ön plandadır.
“Didərginlik dərdi” essesinə diqqət edək: “Qaysağı qoparılmış yaradı - didərginlik dərdi. Didərginin arzuladığı nə var-dövlət, nə pul-paradı, ağrısı nə xəstəlikdi, nə yaradı.Ürək göynədən, qəlb ağrıdan İblisin yaratdığı faciə simfoniyasıdı - didərginlik dərdi. Vallah, qardaş, ağır dərddi didərginlik dərdi. Onu çəkənlər bilər, elə didərginlikdi, didərgin dərdi...” müəllif bu beş cümləlik essedə məcburi köçkünlük və ya doğma torpaqlarından didərgin düşmüş insanların ağrısını təsvir edir. “Didərginlik dərdi” ifadəsi bir xalqın kollektiv travmasını və yadellərdə kök salmaq çətinliyini tərənnüm edir. Bu esse, yurdundan məhrum olmağın insanın ruhuna və qəlbinə vurduğu sağalmaz yaraları vurğulayır.
Yekun olaraq, “Torpaq” və “İstərəm” esseləri insan və torpaq arasındakı möhkəm bağın, Vətənə sevginin və təbiətlə harmoniyanın poetik ifadəsidir. “Torpaq” mətnində torpağın müqəddəsliyi və dərin mənəvi anlamları vurğulanır, “İstərəm” isə vətənə olan həsrəti və fədakarlıq ruhunu canlandırır. Hər iki əsər oxucunu duyğulandıran və dərin düşünməyə sövq edən epik-lirik tablodur.
“Qan yaddaşı”nda yazı və yaradıcılığın insan həyatındakı funksiyasını izah edir. Yazmaq burada bir növ özünütəsdiq vasitəsidir. Müəllif yazını babalarının mirası, qan yaddaşı kimi təqdim edir. Onların daş üzərində yazdıqlarını öz kağız üzərində davam etdirdiyini bildirir. Bu, tarix və mədəniyyətin davamlılığına, nəsildən-nəslə ötürülən irsə işarədir. Esse, yazının yalnız bir ifadə vasitəsi olmadığını, həm də tarixin, yaddaşın və mənəvi kimliyin qorunması üçün vacib olduğunu göstərir. Burada müəllif yazını həm dərd, həm də sevincin bir ifadəsi kimi təsvir edir.
“Etiraf - dialoq” essesində ölüm və insanın mənəvi vəziyyəti üzərində fəlsəfi bir mübahisəni təqdim edir. Danışan iki şəxs həyat, ölüm, iman və qəhrəmanlıq anlayışlarını fərqli bucaqlardan dərk edir. Birinci şəxs, ölümü mənəvi bir sınaq, hətta bir zirvə olaraq görür, özünü imanına və mənəvi gücünə əsaslanaraq qəhrəman kimi təqdim edir. İkinci şəxs isə öz anlayışını bu səviyyəyə çatdırmadığını etiraf edir və daxili axtarışdadır. Bu esseləri oxuyarkən, hər bir oxucu öz həyat təcrübəsindən müəyyən bir hissəni burada tapa bilər, çünki hər iki mətn insanın universal duyğularını əks etdirir. İnsanın mənəviyyatı, kimliyi, ağrıları və həyatdakı mübarizələrinə toxunur. Oxucunu düşünməyə, öz həyatını və dəyərlərini təhlil etməyə sövq edir. Onlar həm fərdi, həm də kollektiv təcrübələrin dərinliyini əks etdirir və böyük ədəbiyyat nümunəsi olaraq qəlbimizi titrətməyi bacarır. Əsərlər çoxqatlı məna və emosional dərinliklər təqdim edir. Onları şərh edərək əsas mövzularını və emosional təsirlərini aydınlaşdırmağa çalışdıq.
Miraslan Bəkirli bir publisist kimi də, təsirli, ibrətamiz və tarixi yazıların müəllifidir. “Fəryad edən abidələr” adlı məqaləsində Qərbi Azərbaycanın qədim tarixi-mədəni irsinin erməni vandalizmi nəticəsində məhv edilməsi və bu abidələrin əsl tarixi kimliyinin saxtalaşdırılması mövzusuna toxunur. Bu gün Qərbi Azərbaycan ərazilərindəki qəbirlərimiz, ziyarətgahlarımız və tarixi abidələrimiz fəryad edir ki, qurtarın bizi bu vandalların əlindən. Ermənilər yerüstü abidələri məhv etsələr də, ora dönəndən sonra özümüz, öz alimlərimiz yeraltı abidələri araşdıracaq, o baba əmanətlərinə yeni həyat verəcəklər. Şuşadan sonra bizim növbəti dönüş yurdlarımız Göyçədir, Dərələyəzdir, İrəvandır”, - deyə yazıçı-jurnalist yazır.
Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, Miraslan Bəkirli, eyni zamanda, televiziya işçisi olub. O, burada da onu ağrıdan, bütün həyatını stresslər, nigaran və narahatçılıqlar içində yaşamasına səbəb olan mövzuları qəhrəmanlarının dilindən lentə alıb.
Həftədə bir, bəzən iki dəfə Miraslan Bəkirlinin lentə aldığı videolar elektron poçtuma daxil olur. Hamısını açıb izləməsəm də, çoxuna nəzər salıram və heyrətlənirəm. Yazıçı təxəyyülü, publisist düşüncəsi və hadisələrin şahidi kimi meyarlarla tənzimlənən bu kadrlarda öz doğma Vətənində qərib yaşayan qələm əhlinin taleyini görürük.
Milli faciələrimizi əks etdirən “Sürgün”, “Kəlbəcər ağrısı”, “Yiyəsizlər”, “Qara canavar” kimi roman və povestlər, “Həsrət”, “Yar yanında günahkaram”, “Ruh”, “Ulartı”, “Qaradonnu” və sair onlarla əsərlərin müəllifi Miraslan Bəkirli zəngin jurnalistika fəaliyyəti və ədəbi irsi ilə Azərbaycan mətbuatı və mədəniyyətinə dəyərli töhfələr verməkdə davam edir. Qərbi Azərbaycan ağrı və acıları onun qələminin əsas mövzusudur. Yəni öz taleyini yazan qələm adamıdır. Vətənində qəriblik taleyi yaşayan yazıçımız.
Almaz ÜLVİ BİNNATOVA
Filologiya elmləri doktoru, professor
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri,
Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı