AZ

İsveç yeni qırıcı təyyarənin hazırlanmasını sürətləndirir

Stokholm, 13 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

Riksdaq (İsveç Parlamenti - red.) “Jas Gripen”i əvəz edəcək yeni qırıcının yaradılması ilə bağlı qərarların qəbulu prosesini sürətləndirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bütün partiyalar bu təşəbbüsü yekdilliklə dəstəkləyib, İsveç texnologiyalarının və milli aviasiya sənayesinin, xüsusilə “Saab” şirkətinin saxlanılmasının vacibliyini vurğulayıblar. İkinci Dünya müharibəsindən sonra ən gərgin olan mürəkkəb geosiyasi vəziyyət təcili tədbirlərin görülməsini tələb edir.

Yeni qırıcının yaradılması ilə bağlı üç yanaşma nəzərdən keçirilir. Birincisi, tamamilə İsveç istehsalıdır. İkincisi digər ölkələrlə birgə layihədir. Üçüncü, hazır xarici təyyarənin alınmasıdır. Riksdaq layihəyə ölkədaxili nəzarəti saxlamaq və İsveç aviasiya sənayesində iş yerlərini təmin etmək üçün ilk iki varianta üstünlük verir.

Yeni qırıcının seçilməsi üçün Riksdaqdakı bütün partiyaların nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılacaq. Yeni qırıcının ilk uçuşu 2040-cı illərdə gözlənilir. Layihənin dəyəri ən azı 100 milyard kron (11 milyard dollar) qiymətləndirilir.

2025-2030-cu illər üçün yeni müdafiə planı çərçivəsində İsveç silahlı qüvvələrinin sayı 88 min nəfərdən 115 min nəfərə artırılacaq. Bundan əlavə, əhəmiyyətli investisiyalar avadanlığın modernləşdirilməsinə, döyüş sursatı ehtiyatlarının artırılmasına, hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və kosmik texnologiyaların inkişafına yönəldiləcək. Bu tədbirlər İsveçin müdafiə qabiliyyətini gücləndirmək və onu yeni təhlükəsizlik sahəsində çağırışlara uyğunlaşdırmaq üçün nəzərdə tutulub.

phrase_var_article.chosen
60
1
azertag.az

2phrase_var_article.sources