AZ

Xatirələrin kədərini öyüncümüz silir

O hadisənin üstündən 37 il keçib. 1987-ci ilin payızı idi. Oktyabr ayında Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən azad edilmişdi. O vaxt, demək olar ki, bütün müəssisələrdə, idarə və təşkilatlarda Siyasi Büro üzvlərinin və büro üzvlüyünə namizədlərin şəkilləri saxlanırdı. Adətən, bayramlarda, mədəni-kütləvi tədbirlərdə həmin portretlər klubların, konfrans salonlarının divarlarını bəzəyirdi.

Moskvanın mərkəzində Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının (komsomolun – red.) adını daşıyan məşhur “Lenkom” Teatrının yaxınlığında bir tikinti idarəsinin, indiki təbirlə desək, baş ofisi yerləşirdi. Bir həmyerlimiz orada işlədiyindən hərdən bir yolumu həmin ofisdən salırdım. Növbəti gedişim oktyabrın sonlarına, ya da noyabrın əvvəllərinə təsadüf etdi.

“Həmyerlimiz” Heydər Əliyevin portretini otağında pəncərənin önünə endirmişdi. Ondan şəkli bura qoymasının səbəbini soruşdum. İndiyə qədər söhbətlərində Heydər Əliyevi ağızdolusu tərifləyən “Əməkdar inşaatçı” laqeydliklə “artıq onun dövranı keçdi, indi bu şəkil heç kimə lazım deyil” – deyərək qımışdı. O an içimdən “Ey gidi dünya, sən nə qədər də vəfasızsan” fikri keçdi. Cəmi bir ay bundan əvvəl bu adam öz otağında tək qalanda belə Ulu öndərimiz haqqında bu cür “cəsarətlə” danışa bilməzdi.

Sovet dövründə “verxuşka”dakı partiya rəhbərlərinin əksəriyyəti nə qədər yaşlı və əldən düşmüş vəziyyətdə olsalar da onların barəsində heç kəs artıq-əskik, ağlına gələni danışa bilməzdi. Heydər Əliyev isə Siyasi Büro üzvləri arasında ən gümrah, işgüzar rəhbərlərdən biri idi. Bir də ki, ötən illərin xofu hələ tam çəkilib getməsə də, artıq zaman yavaş-yavaş dəyişirdi.

– Mənə lazımdır, – deyib şəkli götürmək istədim.

Keçmiş komsomolçu portreti tez qapıb dedi:

– Yox, elə-belə vermərəm.

– Axı indicə dedin ki, sənə lazım deyil...

– Əgər sənə lazımdırsa, haqqını ver, al!

Söhbətin təfərrüatını yazmaq niyyətində deyiləm. Mən o şəkli indi evimdə xalqımızın ən dəyərli övladlarından birinin xatirəsi kimi saxlayıram.

Heydər Əliyevlə yeganə şəxsi görüşüm barədə xatirələrimi vaxtilə oxucularla paylaşmışam. İndi, sadəcə, təkrar xatırlatmağa ehtiyac duydum.

Ulu öndərin ruhu şad olsun!

Cəfər SADIQ
Moskva

Seçilən
17
xalqqazeti.az

1Mənbələr