AZ

Paytaxtda anım mərasimləri

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana gələrək ulu öndərin məzarı üzərinə gül dəstələri düzür, işıqlı xatirəsi önündə baş əyirlər. Dahi şəxsiyyət ölkəmizin bölgələrində də yad edilir, dünyaşöhrətli siyasi xadimin xatirəsinnə həsr edilən müxtəlif anım tədbirləri təşkil olunur.

Yeni Azərbaycan Partiyası

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar YAP-ın nümayəndələri Fəxri xiyabanda Ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xarici İşlər Nazirliyi

Nazir Ceyhun Bayramovun rəhbərliyi ilə Xarici İşlər Nazirliyinin kollektivi Ulu öndər Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət edib.

Ziyarət zamanı Azərbaycanın dövlətçilik tarixində ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, xalqımızın inkişaf və rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin məzarı qarşısına gül dəstələri düzülüb, əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Müdafiə Nazirliyi

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar nazirliyin rəhbər heyəti Fəxri xiyabanda Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir respublikamızın banisi və xilaskarı Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin məzarını ziyarət ediblər. DTX-nin əməkdaşları Ulu öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüblər.

Baş Prokurorluq

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin anım günü ilə bağlı Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.

Ulu öndərin və görkəmli oftalmoloq – alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Daxili İşlər Nazirliyi

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabanda Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Dövlət Sərhəd Xidməti

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Xidmətin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Xidmətin Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ümummilli liderin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olublar. Mərasimdə çıxış edənlər dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, tarixə öz adını əbədi həkk etmiş fenomen şəxsiyyətin həyat və fəaliyyətindən söz açıblar.

Tədbirin sonunda Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan “Heydər Əliyev – Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.

Səhiyyə Nazirliyi

Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər. Nazirliyin əməkdaşları dahi şəxsiyyətin və akademik Zərifə Əliyevanın da əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarları önünə tər çiçəklər düzüblər.

Ombudsman Aparatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirdə əvvəlcə ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Fəxri xiyabana gələrək, dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə tər çiçəklər düzüblər.

Daha sonra ombudsman Səbinə Əliyeva Aparatın əməkdaşları ilə Hökumət evində Ulu öndərin əziz xatirəsini əbədiləşdirmək üçün ucaldılmış büstü ziyarət etməklə, dahi şəxsiyyətin xalqımız qarşısında göstərdiyi əvəzsiz xidmətləri barədə danışıb.

Bakı Dövlət Universiteti

Bu ali təhsil müəssisəsinin kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib. Ümummilli liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

Memarlıq və İnşaat Universiteti

Universitetdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Ulu öndərin ölməz xatirəsinə hörmət və minnətdarlıq hissinin ifadəsi olaraq təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndərin və şəhidlərimimzin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor Gülçöhrə Məmmədova çıxışında ulu öndər Heydər Əliyevin fenomenal liderliyi, Azərbaycanın istiqlaliyyətinin qorunması və inkişafı üçün tarixi əhəmiyyətli addımlarından bəhs edib. Rektor, həmçinin Heydər Əliyevin təhsil sahəsinə olan diqqəti və bu sahəyə yönəlik uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan mədəni irsi” adlı sənədli film nümayış olunub.

“Ədibin Evi”

“Ədibin Evi”ndə ümumilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Balaxanı neftçilərinin siyasi xadim, alim və tədqiqatçı Həsən Həsənovla görüşü keçirilib. Ulu öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədi ilə təşkil edilən tədbirdə Heydər Əliyevin neft strategiyası və xüsusilə bu il imzalanmasından 30 il ötən, onun imza əsəri “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın inkişaf sütununa çevrilməsi tarixinə nəzər salınıb.

Ulu öndərin dövlətçilik məktəbinin yetirməsi olan Həsən Həsənov Heydər Əliyevin rəhbərliyi altında tutduğu müxtəlif vəzifələrdə onunla iş prosesindən xatirələrini bölüşüb. O, hələ Sovet dövründə dahi şəxsiyyətin respublikada çevik və uğurlu idarəçiliyinin əks-sədasının ümumittifaq miqyasında yayıldığını xatırladıb. Həsən Həsənov hazırda idarəçilik məktəbində tez-tez istifadə olunan “yaradıcı yanaşma”nın o zaman Heydər Əliyev tərəfindən tam tətbiq edildiyini vurğulayıb. Balaxanı neftçilərinə müraciətində isə Ulu öndərin vaxtilə böyük uzaqgörənliklə işlədiyi və bu gün Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyasının Azərbaycanın gələcək nəsillərinə hələ çox nailiyyətlər qazandıracağını bildirib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib.

Ədəbiyyat Muzeyindən bildirilib ki, muzeyin direktoru akademik Rafael Hüseynov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən danışıb. O, Heydər Əliyevin adının tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olduğunu, müasir müstəqil Azərbaycanın isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildiyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında gördüyü böyük işlərdən danışıb, Ulu öndərin əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulacağını bildiriblər.

Avtomobil Yolları Dövlət Agentliyi

Agentliyində müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasim iştirakçıları Ulu öndərin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyaraq, Ümummilli lideri qürur hissi, dərin hörmət, sonsuz sevgi ilə anıblar.

Bakı Metropoliteni

Bakı metrosunun rəhbərliyi və kollektivi metropolitenin inkişaf tarixində xüsusi xidmətləri olan Heydər Əliyevin 21-ci ildönümü ilə əlaqədar müəssisənin “Nərimanov” elektrik deposunda qoyulmuş büstünü ziyarət ediblər.

Mərasimdə bildirilib: “İstər Sovet dövründəki böyük çətinliklərə rəğmən, istərsə də müstəqilliyin ilk illərində keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələrin tənəzzülə uğradığı dövrdə məhz Heydər Əliyevin nüfuzu, zəhməti və yaxından dəstəyi ilə Bakı metropoliteni fəaliyyətini və sərnişinlərinə nümunəvi xidmətini davam etdirib. 2003-cü ilə qədər Bakı metrosunun xətlərinin uzunluğu 31,5 km idisə, bunun 21,3 kilometri məhz Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə tikilərək sərnişinlərin xidmətinə verilib”.

 

Seçilən
30
xalqqazeti.az

1Mənbələr