AZ

MİLLİ RUHUN SÖZ BAYRAQDARI- NƏBİ XƏZRİ

Arzu Babayev: "Nəbi Xəzri Azərbaycan ədəbiyyatında özünəməxsus irs qoymuş, həyatı və yaradıcılığı sevgidən, türkçülükdən, ədəbiyyata olan ehtirasdan ibarət böyük bir məktəbdir..."

Nəbi Xəzri qələmindən doğan hər misra torpağa, sevgiyə, insana duyulan bağlılığın ən gözəl ifadəsidir. Onun adı Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə həkk olunmuş, əsərləri zamanın sərt küləklərinə meydan oxuyaraq, ədəbi irsin parlaq ulduzuna çevrilmişdir. Bu gün onun poeziyasını sadəcə oxumaq yox, hiss etmək mümkündür, çünki hər misrasında şairin ürək səsini eşitmək, hər kəlməsində müdrik ruhunun işığını görmək olar.

 Nəbi Xəzri təkcə Azərbaycan poeziyasının deyil, həm də milli ruhun söz bayraqdarı idi. Bu il onun 100 illik yubileyi yalnız ədəbi deyil, həm də mənəvi irsinin ehtiramla yad edildiyi bir dönəm kimi tarixə düşür. Amma onun yaradıcılıq dünyasından daha sirli və elə o qədər də cazibədar bir məqam var ki, bu da ailə mühitindəki Nəbi Xəzridir.

Bu gün onun varisi və həyat məktəbinin tələbəsi Arzu müəllimlə görüşümüzdə məqsədimiz şairin məşhur əsərlərini müzakirə etmək deyil. Həm də onun ailə sevgisi ilə yoğrulmuş, övladlarına ruhani dayaq olan tərəflərini kəşf etməkdir. Görəsən, uşaqlıq illərinin sehrində, ata-övlad münasibətlərinin işığında, şairin ailə üzvləri ilə paylaşdığı həyat dərsləri hansı izləri qoyub? Onun varisi olan Arzu müəllim bu irsi qəlbində necə yaşadır və gələcək nəsillərə ötürür?

Bu müsahibə, bir şairin ailə dünyasının dərin qatlarına səyahətdir. Poeziyanın sərhədsiz duyğular aləmini, ailə mühitində yaşanan ilham və sevgini bir daha xatırlamaq üçün bir fürsətdir. Nəbi Xəzrinin həyat və poeziya simfoniyasını daha dərindən anlamaq istəyən hər kəs üçün bu səyahət əvəzsizdir. Gəlin, Arzu müəllimin xatirələrində bu möhtəşəm simfoniyanın bütün notlarını birgə hiss edək.

 -Arzu müəllim, bu günlərdə yaradıcılığı hər zaman aktual olan atanız - görkəmli şair, nasir, dramaturq, tərcüməçi və publisist, Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi qeyd edilir. Nəbi Xəzri barədə çoxlu məqalələr, xatirələr, tədqiqat işləri yazılıb. Amma ailə mühitində olan Nəbi Xəzri bir çoxlarına naməlum olaraq qalır. Bu naməlumluğa son qoymaq üçün Sizə, onun varisinə müraciət etdik. Uşaqlıq illərinizdə onunla keçirdiyiniz ən yaddaqalan və təsirli an hansıdır? O dövrdə Sizə söylədiyi hansısa nəsihət, bu gün də həyatınızın istiqamətini müəyyən edən bir mayak kimi yol göstərirmi?

n

-Əvvəla, atamı yad edib mənimlə görüşə gəldiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Hamının şair kimi tanıdığı Nəbi Xəzri mənim üçün yalnız bir şair deyil, həm də ata, həyat müəllimi idi. Atamın, üç övladının tərbiyəsində və onların cəmiyyətdə öz yerlərini tapmasında əvəzsiz rolu olub. Hələ uşaq vaxtlarımızdan bizi zəhmətə alışdırar, ərköyünlükdən uzaq tutardı. Xatırlayıram ki, yay aylarında bağ evində qalanda bəzi fiziki işlər vardı ki, onları fəhlələrə tapşırmaq əvəzinə bizə gördürərdi. Onun bu yanaşması bizi zəhmətkeş, məsuliyyətli və müstəqil insan kimi yetişdirdi. Atam daim deyərdi ki, cəmiyyətdə özünüzü elə aparın ki, insanlar sizi təqdir etsinlər, desinlər ki, “Nəbi Xəzrinin övladı bu dəyərləri atasından alıb”. Onun bu sözləri hər zaman bizim üçün bir şüar olub. Şair övladı olduğumuz üçün cəmiyyətin diqqət mərkəzində idik və hər bir addımımıza nəzarət olunurdu. Bu məsuliyyət hissini bizə atam aşılayırdı.

Atamın poeziyası bizim həyatımızda xüsusi yer tuturdu. Hələ 9 yaşımda onun şeirlərini oxumağa başlamışdım. O, şeirlərini böyük bir həvəslə, bədii qiraətçi istedadı ilə bizə oxuyar, bundan mənəvi zövq alardı. Biz də onun bu oxunuşlarından ilhamlanardıq. Həyatımızda poeziyasının şirinliyi və həzinliyi hər zaman hiss olunurdu. Atam bizi hədsiz dərəcədə sevirdi. Onun ailəsinə olan sevgisi və poeziyasının gücü bizi həyatda dəstəklədi. Dünyasını dəyişəndən sonra, xüsusilə ilk vaxtlar onun yoxluğu mənə çox ağır gəlirdi. Bu anlarda onun şeirlərini oxumaq mənim üçün böyük təsəlli idi. Şeirlərindən onun səsini, ürək döyüntülərini hiss edir, onunla ünsiyyət qururmuş kimi olurdum. İndi də darıxanda onun şeirlərinə müraciət edirəm, sanki onunla danışır, bir daha onun hikmətli ruhunu hiss edirəm. Bir dəfə atam bir xatirəsini danışmışdı: 1965-ci ildə bizi Nalçikə, Elbrus dağına gəzməyə aparmışdı. Güclü yağış səbəbindən dağdan gələn sel maşını az qala uçuruma sürükləyəcəkmiş. Atamın o an Allaha dua etdiyini və ailəmizin sağ qaldığını deyəndə gözləri yaşarırdı. Bu hadisə onun bizə olan sevgisinin nə qədər dərin olduğunu göstərir.

Atam ailədə mehriban, eyni zamanda sərt tərəfləri ilə də tanınırdı. Biz çalışırdıq ki, onun sərt üzünü görməyək və davranışlarımızla onu məmnun edək. Onun Azərbaycan kişisinə xas olan güclü xarakteri vardı, bir üzü sərt, bir üzü isə ipək kimi yumşaq idi. Nəbi Xəzri yalnız böyük şair deyil, həm də böyük ata idi. Onun poeziyası və şəxsiyyəti bizim üçün daim ilham mənbəyi olub və hər zaman da olacaq.

-Ailənizdə poeziya və incəsənət necə bir abu-hava yaradırdı? Atanızın yaradıcılığı və evdəki rolu ailənizin gündəlik həyatına hansı təsirləri göstərirdi?

n

-O, bizə həmişə nəsihət edərdi ki, valideynlər övladlarla ömür boyu birlikdə yaşamır. Valideyn haçansa dünyadan köçür. O deyərdi: “Elə eləyin ki, mən dünyada olmayanda mənim yoxluğumdan əziyyət çəkməyəsiniz. Sizə çətin olmasın. Həyatda özünüzə bir cığır açın, öz yolunuzu tapın, öz mövqeyinizi tutun ki, mənsiz sizə çətin olmasın.”

Doğrudan da, ailəmizdə həmişə bir ədəbi mühit vardı. Nəbi Xəzrinin yaradıcılığı, ədəbi əsərləri, şeirləri, poemaları, dram əsərləri, nəsr əsərləri və povestləri bu mühiti formalaşdırırdı. Onun "O uzaq gecə" əsərinin motivləri əsasında "Gecə döyülən qapılar" adlı dram əsəri 1989-cu ildə səhnələşdirilmişdi. “Sərhədlərin o tayında” əsəri isə xaricdə yaşayan azərbaycanlıların həyatına həsr edilib. Onun Mirzə Şəfi Vazehin həyatına həsr olunmuş digər əsəri "Heykəlsiz abidə" mənsur poeması iki dəfə səhnəyə qoyulmuşdu. Əsər ilk dəfə 1982-ci ildə “Mirzə Şəfi” adı ilə, ikinci dəfə isə yenidən işlənərək 1989-cu ildə “Mənsiz dünya” adı ilə Dram Teatrında nümayiş olunmuşdu.

Onun "Əfsanəvi yuxular" adlı poeması mənzum dram janrında "Torpağa sancılan qılınc" əsərinə çevrilmişdi. Bu əsər daha sonra Dədə Qorqud dastanının motivləri əsasında yenidən işlənərək "Burla Xatun" adı ilə 1999-cu ildə səhnəyə qoyulmuşdu. Ümumilikdə, Nəbi Xəzrinin yaradıcılığı çoxşaxəli idi. Onun evdə yaratdığı ədəbi mühit ailəmizi ilhamlandırır və düşünürəm ki, bu mühit gələcəkdə də davam etdiriləcək

-Nəbi Xəzrinin əsərlərində ailəyə, doğma torpağa və sevgiyə xüsusi bir bağlılıq hiss olunur, elə deyilmi?

-Nəbi Xəzrinin yaradıcılığı sevgi ilə zəngindir. Onun əsərlərində sevgi insanın həyatında ən dərin, ən ilahi hiss kimi təsvir olunur. Ataya, anaya, həyat yoldaşına və bacıya olan sevgisini ifadə edən əsərləri bu mənada xüsusi yer tutur. Nəbi Xəzrinin məşhur "Ana", "Ömür yoldaşı" və "Bacı" poemaları başdan-ayağa sevgidən yoğrulub. Eyni zamanda, onun Allaha olan sevgisini və peyğəmbərə ehtiramını əks etdirən "Peyğəmbər" poeması da öz möhtəşəmliyi ilə seçilir. Bu əsər İslam peyğəmbəri Məhəmməd səlləllahu əleyhi və alihi və səlləmin həyatına həsr olunub və sevgi ilə doğulmuş bir əsərdir.

Nəbi Xəzri öz türkçülüyünə və türk köklərinə bağlılığı ilə də tanınır. 1994-cü ildə yazdığı "Atılan Atlılar" poeması Böyük Hun hökmdarı Atillanın həyatına həsr edilib. Əsərdə Atillanın keçdiyi torpaqlar və onun ömrünün sonu poetik dillə təsvir olunur. Bu əsər türk mədəniyyətinin və tarixinin böyüklüyünü göstərən bir yadigardır. Onun haqqında deyilib ki, guya işğalçı haqqında poema yazıb, amma şair özü belə cavab verib: "İşğalçı haqqında yox, ən böyük türk hökmdarı haqqında poema yazmışam."

n

-Sizcə, bu cür mövzuların formalaşmasında onun ailə mühiti və uşaqlıq xatirələrinin rolu nə dərəcədə böyük olub?

-Nəbi Xəzri dünyaya gələndə atasının 51, anasının isə 42 yaşı olub. Lakin doqquz yaşında olarkən atasını itirir. Bundan sonra anası Nəbi Xəzrinin həm atası, həm də anası olmuş, onu böyük zəhmətlə böyütmüşdü. Eyni zamanda, şairin bacılarından biri Böyük Vətən müharibəsi zamanı həyat yoldaşını itirir, bir daha ailə qurmur və ömrünü gözləməklə keçirir. Nəbi Xəzri Şirin bacısına olan sevgisini “Bacı” poemasında əks etdirir. Bu əsərdə təsirli bir misra da var: “Adın Şirin oldu, taleyin acı, sənin, ay bacı!”.

Atam 1942-1944-cü illərdə Böyük Vətən müharibəsi zamanı İrəvanda 45-ci fəhlə batalyonunda xidmət edib. 1944-cü ildə əsgərlikdən qayıdaraq Azərbaycan radiosunda diktor kimi işə başlayıb. Azərbaycan radiosunun o vaxtkı sədri Şəmsəddin Abbasov onun səsini bəyənir və poetik tərzini vurğulayaraq ona müxtəlif verilişlərdə iştirak etməyi təklif edir. Səməd Vurğunla da ilk ünsiyyəti 1944-cü ildə başlamışdı. 1945-ci ilin əvvəllərində Səməd Vurğun Nəbi Xəzrinini yanına çağıraraq deyir: "Sənin Yazıçılar İttifaqına üzv keçirilməyini təmin edirəm”. Bu, gənc üçün böyük bir şərəf və motivasiya olmuşdu. Səməd Vurğun onun oxuduğu şeirləri dinlədikdən sonra bu qərara gəlmişdi. Artıq Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu illərdə o, Səməd Vurğunu yaxşı tanıyır, onun müsbət təsirini hiss edirdi. Səməd Vurğun isə öz növbəsində, bu gənc istedada dəyər verir, ona yaradıcılıq yolunda dəstək olmağa çalışırdı.

Eyni zamanda, Nəbi Xəzri "Ədəbiyyat qəzeti"ndə korrektor kimi çalışmışdı. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olan Nəbi Xəzri, 1947-ci ildə təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib. Burada maraqlı bir hadisə baş verib: Qrupda yeganə oğlan tələbə olan Nəbi, qızları erməni oğlanlarının sataşmasından qoruyarkən universitetdən xaric edilir. Ancaq qrupdakı qızların rektora müraciəti ilə yenidən təhsilini davam etdirmək hüququ qazanır.

Ümumiyyətlə, Nəbi Xəzri Azərbaycan ədəbiyyatında özünəməxsus bir irs qoyub. Onun həyatı və yaradıcılığı sevgidən, türkçülükdən və ədəbiyyata olan ehtirasdan ibarət böyük bir məktəbdir. Mən deyərdim ki, atam şair doğulmuşdu. Kiçik yaşlarından – hələ yeddi yaşında ikən – məktəbdə inşa yazanda “mən şair olmaq istəyirəm” dediyi vaxt onun bu arzusu gülüşlə qarşılanmışdı. O isə deyirdi: “O gülüşlərə görə çox pis oldum və özümə söz verdim ki, sübut edəcəyəm, siz haqsız yerə gülürdünüz”. Həqiqətən də sübut etdi! Artıq ikinci sinifdə oxuyanda onun şeirləri divar qəzetində, “Göyərçin” jurnalında, “Pioner” qəzetində çap olunurdu. O zaman artıq həmin gülüşlər tamamilə yox olmuşdu və hamı onun həqiqətən istedadlı bir yeniyetmə olduğunu qəbul etmişdi.

Nəbi Xəzri öz kökünə, ailəsinə və torpağına çox bağlı insan idi. Həmişə deyirdi: “Bütün Kür ərazisini gəzmişəm. Mən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olduğum vaxt dünyanın bir çox ölkələrində olmuşam. Sonra 50-ci illərdə Avropa boyunca turist qrupunun tərkibində səfərlər etmişəm, müxtəlif təbiət mənzərələrini görmüşəm. Meşələr, bulaqlar, çaylar, göllər – bunların heç biri mənim üçün Bakıdakı dənizin qumunu əvəz edə bilməz. Dünyanın bütün ekzotik meyvələrini yemişəm, amma onlar da mənim üçün əncirin dadını əvəz edə bilməz”.

Atam Xırdalanda doğulub böyüdüyü evə “mənim behiştim” deyirdi. Ora gedəndə həmişə belə deyərdi: “Elə bil yenidən doğuluram”. Anasına olan hədsiz sevgisi xüsusi vurğulanmalıdır. Yeddi yaşımda, nənəm dünyasını dəyişəndə, onun anasının başına pərvanə kimi fırlandığını öz gözlərimlə gördüm. O, hər zaman anasının yanında idi, hər şənbə və bazar gününü onunla keçirirdi. Anasına tez-tez belə deyirdi: “Necə edim ki, sənin üçün yaxşı olsun? Ürəyin nə istəyir, de, alım gətirim”. Bir maraqlı epizod da ondan ibarətdir ki, hər il bağa köçəndə – iyun ayının axırında, ya iyulun əvvəllərində – Bakıda saniyədə 20-25 metr sürətlə Xəzri küləyi əsirdi. Atam hər dəfə belə deyirdi: “Mənim adaşım məni bağda belə qarşılayır”.

-Atanızın dünyasını dəyişməsindən sonra onun zəngin irsini qorumaq və gələcək nəsillərə çatdırmaq üçün ailəniz hansı səyləri göstərir? Şəxsən Sizin üçün Nəbi Xəzrinin irsi hansı mənəvi yükü və qüruru özündə ehtiva edir?

-Ümumiyyətlə, mən çalışıram ki, atamın poeziyası, atamın şeirləri daim oxunsun. Sosial şəbəkələrdə onun şeirlərini paylaşıram. Atamın adına yaradılmış xüsusi bir səhifə, “Nəbi Xəzri” səhifəsi də var və həmin səhifəni mən idarə edirəm. Orada onun şeirlərini müntəzəm şəkildə paylaşaraq geniş oxucu kütləsinə çatdırmağa çalışıram. Bildiyiniz kimi, bu il Nəbi Xəzrinin 100 illik yubileyidir. Cənab Prezidentin sentyabr ayında Nəbi Xəzrinin 100 illiyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə ailəmiz adından dərin minnətdarlığımızı bildirirəm. Bu, sənət adamlarına verilən yüksək dəyərin əyani göstəricisidir. Cənab Prezidentin sənətə və yaradıcı insanlara göstərdiyi diqqət və qayğı misilsizdir. “Ot kökü üstə bitər” deyiblər. Atası, Ulu Öndər Heydər Əliyev də atamın yaradıcılığına, ümumilikdə sənət adamlarına, o cümlədən Nəbi Xəzrinin poeziyasına böyük önəm verirdi. Atamın 90 illiyi münasibətilə onun seçilmiş əsərləri, şeirləri çap olunmuşdu. Ümid edirəm ki, bu il də atamın külliyyatı çap olunacaq. İnşallah, həmin kitabı toplayıb nəşr etdirməyi planlaşdırırıq. Allahın izni ilə bu işi layiqincə həyata keçirəcəyik.

Əbülfəz BABAZADƏ

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

kulturoloq-yaponşünas, "Bakiniskiy raboçiy" qəzetinin baş redaktor müavini

(Xüsusi olaraq "Təzadlar" üçün)

Seçilən
36
tezadlar.az

1Mənbələr