AZ

Vadim Skripçenko: "Onun komandası "Qarabağ" və ya "Neftçi" səviyyəsində deyil..." - MÜSAHİBƏ

Belarus çempionu Minsk "Dinamo"su UEFA Konfrans Liqasının qrup mərhələsində ev matçlarını Sumqayıtda keçirdi. Komanda dünən Sumqayıtdakı sonuncu matçında özü kimi xalsız olan Şimali İrlandiyanın "Larn" komandasını 2:0 məğlub etdi.

İdman.biz xəbər verir ki, oyundan sonra "Dinamo"nun baş məşqçisi Vadim Skripçenko Prosport.Az-ın Sumqayıta ezam olunmuş əməkdaşının suallarını cavablandırıb

– Nəhayət ki, ilk xallarınızı qazandınız. Bu isə Sumqayıtdakı 3 matçdan sonuncusuna təsadüf etdi. Oyunla bağlı və növbəti mərhələyə çıxmaq şanslarınız barədə fikirlərinizi eşidək...
– Bu gün qələbə qazandığımız üçün şadıq. İlk hissədə üstünlüyümüz olsa da, rəqib qapısına ciddi təhlükə yarada bilmədik. Ancaq 2-ci hissədə etdiyimiz dəyişikliklər oyunda intensivliyi artırdı və qələbə qazandıq. Bu qələbə turnirdə yolumuzu davam etdirmək üçün yaxşı şans oldu. Bilirik ki, son turda Afinada güclü azarkeş dəstəyi altında oynayan "Panatinaikos"a qalib gəlmək asan olmayacaq. Ancaq şans varsa, əlimizdən gələni edəcəyik.

– Azərbaycan futbolu haqda nə deyə bilərsiniz?
– Azərbaycan çempionatında turnir cədvəlini izləyirəm. Tarixi keçmişi olan "Neftçi"ni xüsusi diqqətdə saxlayıram. Çünki Minsk "Dinamo"sunun yetirməsi olan Yeqor Boqomolski orada çıxış edir. O, 2 il əvvəl mən "Minsk"i çalışdıran vaxt komandamda olub. Orada özünü yaxşı tərəfdən göstərdi və "Neftçi" ilə müqavilə bağladı. "Kəpəz"də Yeqor Xvalko da oynayır. Düzdür, onun komandası "Qarabağ" və ya "Neftçi" səviyyəsində deyil...

– O, "Kəpəz"in kapitanıdır...
– Məlumatınıza görə təşəkkür edirəm. "Sumqayıt"da belarus məşqçi Aleksey Baqa da işləyib. Belaruslu məşqçi və ya oyunçular hansı çempionatda varsa, oranı izləməyə çalışıram. Sizdə yeganə mənfi cəhət kimi süni örtüklü meydançaların çoxluğunu göstərmək olar. Azərbaycan futboluna, çempionatına, millisinə inkişaf etməsi üçün uğurlar arzulayıram.

– Eşidəndə ki, "Dinamo" avrokubok matçları üçün ev oyunlarını xarici ölkədə keçirməlidir, niyə məhz Azərbaycan və niyə məhz Sumqayıtı seçdiniz?
– Əvvəla Sumqayıt, Bakı, Azərbaycandakı dostlarımıza bizə burada oynamaq şansı yaratdıqları üçün minnətdaram. Yaxşı keyfiyyətdə qazonu olan stadionda oyunlarımızı keçirmək bizim üçün olduqca vacib idi. Burada heç bir problemlə üzləşmədik. Buna görə də sonsuz minnətdarlığımı bildirirəm... Sualınıza gəlincə, Bakıda oynaya bilməzdik. Çünki "Qarabağ" da eyni vaxtda Bakıda Avropa Liqası matçları keçirirdi. UEFA reqlamentinə əsasən, eyni şəhərdə eyni gündə 2 matç keçirmək mümkün deyil. Sumqayıt Bakıdan 30 km aralıda yerləşdiyi və bura təhlükəsiz olduğu üçün buranı seçdik.

– "Dinamo" 1982-ci ildə SSRİ çempionu olmuş Belarus futbolunun brendidir. Ancaq müstəqillik illərində bu komandanın beynəlxalq miqyasda uğuru gözə çarpmır. Bunun səbəbi nədir?
– Cavabı bəllidir. 1927-ci ildə əsası qoyulmuş ənənəvi "Dinamo" ilə indiki arasında fərqlər var. Komanda 1982-ci ildə SSRİ çempionu oldu, 80-ci illərdə avrokuboklarda uğurlu çıxış etdi. Daha sonra Aleksandr Qleb, Timofey Kalaçyov, Sergey Kornilenko, Vitali Kutuzov, Valentin Belkeviç (2009-cu ildə karyerasının keçmiş Bakı "İnter"ində başa vurub – red.), Sergey Aleynikov, Sergey Qotsmanov kimi ölkə xaricində çıxış edən oyunçular üzə çıxdı. Hazırda klub, yığma və uşaq futbolu səviyyəsində ən yaxşı variantı tapmağa çalışırıq ki, futbolumuz inkişaf etsin. "Larn"la oyunda ilk xallarımızı qazansaq da, hərçənd deyə bilərəm ki, "Leqiya" ilə oyun istisna olmaqla, digər 3 matçda yaxşı çıxış etmişik.

– Siz də Moskva MOİK-ində çıxış etmisiniz. Düzdür, sizdən sonra ora Vasili Berezutski gəlib. Ancaq o həmin klubun əfsanələrindən sayılır və ilk dəfə baş məşqçi kimi Azərbaycanda işləyir. O və Rusiya futboluna tanış sima olan digər mütəxəssis – Qurban Berdiyevin Azərbaycan karyerası barədə nə deyə bilərsiniz?
– O, əla oyunçu, əla müdafiəçi olub. Qardaşı Alekseylə birgə MOİK-də uzun karyerası olub. O, məşqçi kimi Leonid Slutskinin köməkçisi işləyib. İndi ambisiyaları var, müəyyən təcrübə qazanıb və baş məşqçi kimi "Sabah"da işləyir. Bildiyim qədəri ilə "Sabah"da ilk nəticəsi də müsbət oldu...

– Bəli, hələ onun komandası uduzmayıb...
– Ona görə də "Sabah" komandasına uğurlar arzulayıram. Komanda yaxşı səviyyədə oyun nümayiş etdirirsə, bu, "Sabah" və Azərbaycan futbolu üçün yaxşı haldır. Qurban Berdiyevə gəlincə, o, əfsanəvi mütəxəssisdir. "Rubin"lə Çempionlar Liqasında çıxış edib. Necə deyərlər, onun üçün futbolda artıq yeni şey yoxdur. O həmişə komandalarında nizam-intizam tələb edən məşqçi olub. Bildiyim qədəri ilə onun çalışdırdığı "Turan Tovuz" da 3-cü və ya 4-cü yerdədir...

– 3-cüdür...
– Bu da yaxşı nəticədir. Ona və komandasına ancaq uğurlar arzulaya bilərəm.

– Sumqayıtda yəqin ki, bu turnirədək ilk dəfə olurdunuz. Hansı təəssüratlarla Minskə qayıdacaqsınız?
– Bəli, ilk dəfə olurdum. Ancaq hələ 1 həftə Bakıda qalacağıq. "Panatinaikos"la matça "Sabah"ın bazasında hazırlaşacağıq. Klub bunun üçün bizə şərait yaradıb. 17 dekabrda Afinaya uçacağıq. Təəssüratlara gəlincə, bayaq dediyim kimi, burada heç bir problemlə üzləşmədik. Əgər hansısa problem də olubsa, bunu hotel personalı ilə öz aramızda həll etmişik. Sumqayıtda 3 oyun keçirib, sonuncusunda qalib gəlmişiksə, deməli, buranı yaxşı təəssüratla tərk edirik (gülür).

İdman.biz

Seçilən
36
1
idman.biz

2Mənbələr