AZ

Sabiq baş memara daha bir cinayət əməlinə görə hökm oxundu

Həbsdə olan Lənkəranın sabiq baş memarı Elgün Abdullayevin daha bir cinayət əməli üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, ona qarşı yeni irəli sürülmüş Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Belə ki, Elgün Abdullayevin cəzası toplanılıb və səkkiz il altı ay azadlıqdan məhrum edilib.

 

Həmçinin sabiq baş memarın əvvəlki hökmü toplanılmaqla iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan da məhrum olunub.

 

Yeni ittihama görə, Elgün Abdullayev vətəndaşlara qanunla müəyyən olunan qaydaları pozmaqla torpaq sahələri ayırıb və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verib.

 

Qeyd edək ki, bundan əvvəl Elgün Abdullayev vətəndaşlardan külli miqdarda rüşvət almaqda təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il azadlıqdan məhrum edilib.

 

Report

Tarix: 13 Dekabr 2024, 17:15   
Seçilən
12
5
pravda.az

6Mənbələr