AZ

NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub

NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsen və onun rəhbərlik etdiyi "Ali kurs"un heyəti ölkəmizə "Sahə Araşdırmaları səfəri" çərçivəsində ADA Universitetində və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ADA Universitetində keçirilən tədbiri giriş nitqi ilə prorektor, Milli Məclisin deputatı Fariz İsmayılzadə açıb.

Sonra fəxri qonaq qismində dəvət olunan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. O, "Azərbaycanın xarici siyasəti", "Regional Təhlükəsizlik və yeni çağırışlar" mövzularında çıxış edib, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova "Azərbaycanın enerji strategiyası" mövzusunda təqdimatında ölkəmizin iştirak etdiyi regional və dünyəvi iqtisadi layihələr barədə qonaqları məlumatlandırıb.

Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Ramil Şükürov ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb, həmçinin "Azərbaycan-NATO əməkdaşlığı" və "Müdafiə strategiyası" mövzularına dair təqdimat edib.

NATO Müdafiə Kollecinin "Ali Kurs"unun dinləyicilərinin ünvanladığı suallar çıxış edənlər tərəfindən cavablandırılıb.

Tədbirdə, həmçinin Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak, Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya, Müdafiə Nazirliyinin və ADA Universitetinin nümayəndələri iştirak ediblər.

Daha sonra NATO nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-ni ziyarət edib.

Ziyarət zamanı keçirilən görüşdə qonaqlara Bakı Limanının tarixi, fəaliyyət sahələri, strateji əhəmiyyəti, beynəlxalq əlaqələri və gələcək inkişaf planları haqqında ətraflı məlumat verilib. Həmçinin limanın yükdaşımaları, logistik xidmətlər, ətraf mühitin qorunması və rəqəmsal transformasiya sahələrindəki uğurları haqqında danışılıb.

Ərazidəki müasir infrastruktur və obyektlər ilə tanış olan qonaqlar limanın inkişafı və perspektivləri barədə məlumatlardan məmnunluqlarını ifadə ediblər.

Seçilən
23
29
xalqqazeti.az

10Mənbələr