AZ

“Divanü Lüğat-it-türk” UNESCO zirvəsində

Türk dünyasının ən qiymətli kitablarından biri – Mahmud Kaşğarinin məşhur “Divanü Lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunub.

UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə Milli komissiyalarının təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də UNESCO yanında Daimi Nümayəndəliklərin birgə təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü Lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans uğurla başa çatıb.

Beynəlxalq konfransa Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev moderatorluq edib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ortaq Türk mədəni irsinin ən qiymətli əsərlərindən olan “Divanü Lüğat-it türk”ün 950 illik yubileyinin 2024–2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunmasının böyük əhəmiyyət kəsb etdiyindən, bu şah əsərin tarixi mahiyyəti və hazırda mədəniyyətlərarası dialoqda oynadığı rolundan söz açıb.

UNESCO Baş direktorunun Prioritet Afrika və Xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko konfrans iştirakçılarını salamlayıb. O, Mahmud Kaşğarinin bu əsərinin təkcə Türk dünyası deyil, həm də qlobal mədəni irs üçün böyük əhəmiyyətini vurğulayıb, “Divanü Lüğat-it-Türk”ü türk xalqlarının tarixini əks etdirən ensiklopediya adlandırıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Vəfa Abdullayeva-Nəbiyeva “Divanü Lüğat-it-türk” əsərinin Azərbaycanda tədqiqi, Azərbaycan dilinə tərcüməsi və nəşri haqqında ətraflı məlumat veriblər.

Sonda UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə nəşr edilmiş “Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” kitabının təqdimatı olub.

XQ

Seçilən
15
2
xalqqazeti.az

2Mənbələr