ABŞ Silahlı Qüvvələrinin Yaponiyadakı komandanlığı dəniz piyadalarının bir hissəsinin bu ölkənin Okinava adasından Sakit okeanda Vaşinqtona məxsus Quam adasına köçürülməsinə başlandığını elan edib.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, komandanlığın yaydığı açıqlamada ilk 100 dəniz piyadasının oraya yola düşdüyü bildirilib.
Ümumilikdə Quama 4 mindən çox hərbçinin köçürülməsi nəzərdə tutulur. Hazırda Okinavada 19 minə yaxın amerikalı dəniz piyadası yerləşdirilib.
Onların qismən Quama köçürülməsi planı hələ 2012-ci ildə razılaşdırılsa da, onun icrası daim təxirə salınıb. Dəniz piyadalarının bu adada yerləşdirilməsi üçün Yaponiya tərəfinin vəsaiti hesabına xüsusi baza tikiləcək. Tikinti işləri təxminən 2026-cı ilə qədər tam başa çatacaq.
Yaponiyadakı ABŞ hərbi obyektlərinin böyük hissəsi Okinavada cəmləşib ki, bu da yerli əhalinin narazılığına və tez-tez insidentlərin baş verməsinə səbəb olur. Elə bu həftə Okinavada məktəbli qızı oğurlayaraq zorlamış ABŞ hərbçisi beş il müddətinə azadlıqdan məhrum edilib.