Suriyada eks-prezident Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Dəməşq-Bakı münasibətləri yenidən gündəmə gəlib.Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Bakının Əsəd rejiminin çökməsindən sonra Suriyada sabitlik olacağına ümid etdiyini bildirib.
Prezidentin köməkçisi Suriyadakı əvvəlki rejimin bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə problem yaratdığını xatırladıb. H.Hacıyev Əsəd hökumətinin Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd-şərtlə çıxış etdiyini vurğulayıb.
Bəşər Əsəd rejiminin Bakıya qarşı münasibəti niyə birmənalı deyildi?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Suriyada baş verən hadisələr bu ölkənin keçmiş rəhbərləri ilə Azərbaycan arasında münasibətlərin heç də yaxşı olmadığını üzə çıxardı:
“Biz Suriyaya rəhbərlik edən diktatorların ölkəmizə qarşı tutduğu mövqedən ciddi əziyyət çəkmişik. Azərbaycan dünyanın bütün ölkələri iləmünasibətləri inkişaf etdirməyə çalışsa da, rəsmi Dəməşqlə istədiyimiz nəticəni ala bilmədik. Təbii ki, iki ölkə arasında münasibətlərinin keçmişini xatırladıqda, burada mövcud olan erməni diasporu və onun hakimiyyətə təsiri yada düşür.Azərbaycana qarşı düşmən mövqe sərgilənməsinin episentrində ermənilərin dayandığı şübhəsizdir.
Keçmiş liderlər Hafiz Əsəd və Bəşər Əsəd dövründə Suriyanın Ermənistana və ermənilərə münasibəti bir sıra tarixi, siyasi və sosial amillərdən qaynaqlanır. Məlum olduğu kimi, 1914-1918-ci illərdə Birinci Dünya müharibəsi hadisələrindən sonra çox sayda erməni Türkiyədəki gərgin vəziyyəti bəhanə edərək o zaman daha təhlükəsiz hesab olunan Suriyada sığınacaq tapdı. Hələb, Dəməşq və Latakiya kimi şəhərlər erməni tacirləri və zəngin adamlarının vətəninə çevrildi. Hər yerdə olduğu kimi burada da ermənilər insanlarla asan ünsiyyət qurmaq vərdişlərini işə salaraq qısa müddətdə cəmiyyətin fəal hissəsinə çevrilə bildilər.Hafiz Əsədin prezidentliyi dövründə Suriya hökuməti orada fəaliyyət göstərən erməni diasporunun təsiri ilə Ermənistanla sıx əlaqələr saxlayırdı. Bu geosiyasi uyğunlaşma dolayı yolla erməni diasporu və Ermənistanın özü ilə mehriban münasibətləri gücləndirdi”.
Əlimusa İbrahimov
Politoloqun sözlərinə görə, Suriyanın Türkiyə ilə tarixən gərgin münasibətləri, xüsusən də Hatay vilayəti və su mübahisələri kimi məsələlər fonunda İrəvan Dəməşq üçün təbii müttəfiq oldu:
“Ermənistanın və diasporunun “erməni soyqırımı” iddiaları, həmçinin Qarabağla məsələsində Türkiyənin mövqeyi Dəməşqin İrəvanla daha da yaxınlaşmasına səbəb oldu. Suriyadakı erməni vətəndaşların Qarabağa mütəmadi səfərləri və burada kök salmaları Azərbaycana qarşı Suriya hakimiyyətinin mənfi münasibətinin güclənməsini şərtləndirirdi. Hər iki Əsəd rejimi sədaqət və sabit dəstək imici yaratmaq üçün etnik qruplar və dini azlıqlara qarşı yumşaq güc siyasətini qəbul etdi. İşgüzar, yaltaq və siyasi cəhətdən neytral mövqe tutan erməni icması bu yanaşmadan bəhrələndi.
Suriyadakı ermənilər ümumiyyətlə daxili siyasi münaqişələrə girməkdən çəkinirdilər. Bu neytrallıq onları ictimai tarazlığın qorunmasında əlverişli müttəfiqlər etdi. Burada fəaliyyət göstərən diasporları ermənilərin və Ermənistanın müsbət imicinin saxlanmasında mühüm rol oynayırlar. Onlar Suriya-Ermənistan əlaqələrini daha da gücləndirərək ticarət, təhsil və mədəniyyətin qorunması sahəsində fəallıq göstərirlər”.
Ə. İbrahimov bildirib ki, Bəşər Əsəd atasının ermənilərlə möhkəm əlaqələri gücləndirmək siyasətini davam etdirirdi:
“Bu siyasət xüsusilə Suriya vətəndaş müharibəsi zamanı özünü büruzə verdi, bir çox ermənilər də öz növbəsində islamçı qruplar tərəfindən təqib olunmaqdan qorxaraq Əsəd hökumətini dəstəklədi.
Suriyanın ermənilərlə müşahidə etdiyimiz yaxşı münasibətləri Yaxın Şərqdəki digər ərəb ölkələri üçün də keçərlidir. Digər bu ölkələrdə gördüyümüz münasibətlər zaman-zaman Azərbaycan və Türkiyənin də əleyhinə çevrilib. Yəni ermənilər yaşadıqları ölkələrdə malik olduqları imkanlardan Bakı və Ankara qarşı istifadə etməkdən çəkinməyib.
Hesab edirəm ki, “Ərəb Baharı”nın sonuncu diktatoru hesab olunan Bəşər Əsəd Azərbaycan və Türkiyəyə qarşı mövqe tutan son ərəb lideri kimi də tarixdə qalacaq. Bundan sonra Suriya xalqının azadlığa qovuşacağı kimi, onların müsəlman ölkələri, o cümlədən Azərbaycanla münasibətləri fərqli, qarşılıqlı faydalı əsaslarla inkişaf edəcək”.