Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti verib.
KONKRET. az xəbər verir ki, bu barədə onun vəkili Radmila Abılova deyib.
Vəkil bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Xaçatryan barəsində bəraət hökmünün çıxarılmasını istəyir: “V.Xaçatryanla noyabrın 24-də görüşdüm. Səhhəti ilə bağlı heç bir problem yoxdur. Ona bütün hüquqlarını izah etmişəm”.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
İlahə Əhmədova,
KONKRET.az