Rusiya ilə Hindistan arasında imzalanan yeni 10 illik neft müqaviləsi enerji bazarlarına böyük təsir göstərib.
Hafta.az-ın “Novye İzvestiya”ya istinadən yazdığına görə, müqavilə çərçivəsində Rusiyanın dövlət neft şirkəti “Rosneft” Hindistanın ən böyük özəl enerji şirkəti olan “Reliance”ə hər il 13 milyard dollar dəyərində neft və dizel yanacağı verəcək. Hər ay “Rosneft”ə məxsus təxminən 20 Aframax tipli tanker Hindistana 100 min ton xam neft daşıyacaq. Bu müqavilə Rusiya üçün mühüm iqtisadi resurs təmin etsə də, Hindistanın artan enerji tələbatının ödənilməsində mühüm rol oynayacaq.
Ekspertlərin fikrincə, Hindistan iqtisadi artımını qorumaq üçün enerji idxalını artırmalıdır. Hindistanın neft emalı zavodları ehtiyacının yalnız 20 faizini yerli neftlə ödəyə bilir, qalan 80 faizi isə idxal hesabına ödənilir. Rusiyanın təklif etdiyi endirimli neft Hindistan üçün iqtisadi cəhətdən sərfəli variantdır. İki il əvvəl Rusiya Hindistana nefti 25-30 dollar/barel endirimlə satırdı. Razılaşma sayəsində Hindistan Rusiyadan alacağı ucuz nefti emal edərək, sonra isə Avropaya satmaqla qazanc əldə edir.
Digər tərəfdən, bu razılaşma Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirini aradan qaldırmaq üçün mühüm addım ola bilər. “Rosneft” və digər Rusiya şirkətləri Hindistan və Çin kimi Asiya bazarlarına üz tutaraq sanksiyaların təsirini azaltmağa çalışır. Enerji eksperti Marsel Salihovun sözlərinə görə, 2024-cü ilin əvvəlindən Rusiya neftinin nəqli xərcləri 30-40 faiz ucuzlaşıb. Bu, Rusiyanın enerji ixracını daha davamlı edir.
Bununla belə, Avropa İttifaqının Rusiya neftinin nəqlinə qarşı sanksiyaları davam edir. 15-ci sanksiya paketi çərçivəsində tavan qiymətindən yuxarı neft daşıyan gəmilərin Avropa limanlarına girişinin məhdudlaşdırılacağı gözlənilir. Buna baxmayaraq, Rusiya ilə Hindistan arasında imzalanan bu böyük saziş iki ölkənin enerji sahəsində strateji əməkdaşlığını gücləndirir və qlobal enerji bazarında yeni balanslar yaradır.