Ötən gün Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaara (Colani) ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib. Bu barədə “Al Arabiyya” telekanalı məlumat yayıb. Bildirilib ki, vətəndaşlar və ya onun ətrafındakılar xahiş edərsə, Colani prezidentliyə namizədliyini irəli sürə bilər.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib:
“Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhərdən çıxıblar. Suriya Prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib. Bir müddət onun təyyarəsini açıq mənbələr vasitəsilə izləmək mümkün olmayıb. Lakin sonra Rusiyanın TASS agentliyi Kremldəki mənbəyə istinadən onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini, Rusiyanın onlara sığınacaq verdiyini bildirib. Dekabrın 8-də Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa “TRT Haber” telekanalında keçid hakimiyyətinin formalaşdığını elan edib. Bu günlərdə Türkiyə xarici kəşfiyyat idarəsinin rəisi İbrahim Kalın Dəməşqə getmişdi. Ehtimal etmək olar ki, bu səfər çərçivəsində o, müxalifətin nümayəndələri, o cümlədən lider Əhməd əl-Şaara ilə görüşmüşdü. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan da Suriya ilə bağlı müntəzəm müzakirələr aparır. Əlbəttə, bu təmasların əsas məqsədi Türkiyənin Suriyada möhkəmlənməsi, həm də təhdidlərin qarşısının alınmasıdır”.
Siyasi şərhçi qeyd etdi ki, Bəşər Əsəd rejimin devrilməsi ilə rəsmi Ankara əslində rəsmi Moskvanı bölgədən çıxardı:
“İndi əsas məsələ Suriyada möhkəmlənməkdir. Bunun üçün isə şübhəsiz, hakimiyyəti ələ keçirən müxaliflərdən istifadə olunacaq. Bəlkə də Əhməd əl-Şaara ilə razılıq artıq əldə olunub. Hətta mümkündür ki, çevrilişdən əvvəl o, artıq Əsədin xələfi kimi nəzərdə tutulmuşdu. Əgər belə deyildisə belə, danışıqlar intensiv şəkildə gedir. Türkiyə çalışacaq ki, Əhməd əl-Şaara onun şərtlərini qəbul etsin və beləliklə, prezident olsun. Bu, faktiki olaraq Türkiyənin Suriyada möhkəmlənməsi olacaq. Çox güman, müxalifət lideri yaxın gələcəkdə namizədliyini rəsmi şəkildə elan edəcək və gələcəkdə hakimiyyətə gələcək. O vaxta kimi isə Türkiyə Əhməd əl-Şaaranın təhlükəsizliyini təmin etməyə çalışacaq”.
Günay Rəsulqızı