Bir müddət öncə ölkə mediasında maraqlı məlumatlar dərc olunmağa başladı.

Guya ki, iş adamı Adnan Əhmədzadə I Liqa təmsilçisi "Mingəçevir"i maliyyələşdirməyə başlayacaq. Hamı bu xəbərə çox sevindi. Media qurumları, sosial şəbəkə hesabları bu məlumatı tirajladı. Sonradan məlum oldu ki, xəbər doğru deyilmiş. Adnan Əhmədzadə şəxsi instaqram hesabı vasitəsi ilə məlumatı yalanladı.

Bu hadisədən bir neçə gün sonra iş adamı yenə gündəmə gəldi. Onun dəvəti ilə Lionel Messi, Luis Suarez, Serxio Buskets və Xordi Alba kimi məşhur simalar Bakıya təşrif buyurdu. İnsafən, çox maraqlı tədbir alındı. Həm də ölkəmizin dünyaya tanıtımı üçün böyük iş idi. Baxmayaraq ki, idman mediası bura dəvət olunmadı. İşimizi siyasi mediada çalışan həmkarlarımız vasitəsi ilə həyata keçirə bildik ki, bu başqa mövzudur. Bir sözlə, Messi və dostlarının Bakıya gəlişi bizsiz də maraqlı keçdi. Amma ortada bir əmma var.

Mediada və sosial şəbəkələrdə gəzən söz-söhbətlərə inansaq, Adnan Əhmədzadə dünya ulduzlarının Bakıya gətirilməsi üçün nə az, nə çox 8 milyon dollar xərcləyib. Təbii ki, bu iddiadır. Ortalıqda rəsmi nəsə yoxdur. Adnan bəyin nə üçün bu qədər pul xərclədiyinin sorğu-sualını da aparmırıq. Bu həssas dönəmdə Messi kimi dünya ulduzunun ölkəmiz haqda video paylaşmasının dəyəri yoxdur. Hətta 8 milyon bu hadisə üçün azdır da.

Məni maraqlandıran başqa məqamdır. Futbolu bu qədər sevən, Ronaldinyonun, Messinin, Laportanın dostu olan Adnan Əhmədzadə ölkə futbolu üçün niyə nəsə etmir? Niyə klublardan birini götürüb, maliyyələşdirmir? Məsələn, elə "Mingəçevir"i sponsorluq etmək olar.

Çünki bu şəhərdə futbol ənənəsi var. Bu idman növü "Nur şəhəri"ndə çox sevilir. Amma buranın komandasının halına yanan kimsə yoxdur. Kimsə əl atmasa, "şəhərlilər" bu mövsüm I Liqanı tərk edəcək.

Adnan bəy, futbol sevginiz hamıya bəllidir. İşə əl atmaq lazımdır. I Liqada klub saxlamaq o qədər də maliyyə tələb edən bir şey deyil. Bunun üçün 8 milyon lazım deyil. "Mingəçevir"ə 1 il ərzində 4-5 milyon dollar xərcləsəniz, şəhərdəki stadionu da təmir etdirərsiniz, I Liqada komandanı çempion da etdirərək Premyer Liqaya vəsiqə qazanmağına da səbəb olarsınız. Hətta akademiya yaradar, bazanın tikintisinə də başlayarsınız.

Bir sözlə, hər şey sizin istəyinizdən asılıdır. Messi və dostlarına 2-3 günə 8 milyon xərcləyən biri üçün yuxarıda sadaladıqlarım o qədər də çətin iş deyil. Azərbaycan futbolunun inkişafı üçün bunu etmək mütləqdir...