AZ

Papikyanın Fransaya davamlı səfərləri nəyə hesablanıb? - ŞƏRH

Ötən gün Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər edib. Bildirilib ki, səfər işgüzar xarakter daşıyır. Bu, onun il ərzində Parisə ilk səfəri deyil. Bundan bir neçə gün əvvəl Papikyan ABŞ-yə də işgüzar səfər etmişdi.

 

Maraqlıdır, bu qədər sıx işgüzar səfərlərin pərdəarxasındakı məqamlar nələrdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, bir ölkənin müdafiə naziri il ərzində başqa ölkəyə bir neçə dəfə səfər edirsə, demək həmin ölkə ilə hərbi əməkdaşlığı dərinləşdirməyə və oradan hərbi texnika almağa çalışır.

 

Onun sözlərinə görə, Fransa Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə və bu ölkəyə hərbi texnika, o cümlədən raket sistemləri verməyə hazırdır:

 

“Ermənistan hökuməti də bunu istəyir, ancaq İrəvan eyni zamanda hələ Rusiyadan tam qopa bilməyib. Ermənistan il ərzində Rusiyadan hərbi texnika almasa da, keçmiş illərdə bu ölkədən aldıqlarının həcmi o qədər böyükdür ki, onları NATO üzvü Fransadan aldığı və alacağı hərbi texnika ilə inteqrasiya etdirmək çətindir. Papikyan Baş nazir Nikol Paşinyandan aldığı təlimat əsasında bu məsələləri Parislə razılaşdırmağa çalışmalıdır”. 

 

E.Şahinoğu qeyd edib ki, digər tərəfdən, Ermənistan genarallarına etibar yoxdur:

 

“Paşinyan özü demişdi ki, orduda “5-ci kolon” mövcuddur, yəni erməni zabitlərinin bir qismi Rusiyaya bağlıdır. Həmin zabitlər Ermənistana göndərilən və ya göndərilməsi planlaşdırılan hərbi texnika barədə detallı məlumatları Rusiya hərbi kəşfiyyatına ötürə bilərlər. Paşinyan bu problemi həll etməyib. Vaşinqton və Paris Ermənistanla hərbi sahədə əməkdaşlıq edərkən, İrəvanın Rusiyadan nə qədər uzaqlaşa bildiyini də hesablamağa çalışırlar”.

 

Firuzə Əliyeva
 

phrase_var_article.chosen
6
6
sfera.az

7phrase_var_article.sources