AZ

Cənubi Koreyada prezidentin impiçmentindən sonra hakimiyyət boşluğu yaranıb

Bakı, 16 dekabr, AZƏRTAC

Cənubi Koreya Prezidenti Yun Sok-Yolun impiçmenti ölkədə hakimiyyət boşluğuna səbəb olub və siyasi qütbləşməni artırıb.

AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, impiçment nəticəsində Cənubi Koreya dərinləşən qütbləşmənin öhdəsindən gələcək “güclü lidersiz” qalıb və hazırda ölkədə siyasi qeyri-sabitlik və qeyri-müəyyənlik davam edir.

Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən Baş nazir Han Dok-Su seçicilərdən dövlət başçısının səlahiyyətlərini həyata keçirmək üçün mandat almadığı üçün impiçment ölkədə “güc boşluğu” yaradıb.

Xatırladaq ki, Koreya Respublikasının Prezidenti Yun Sok Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.

Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib. Bundan sonra Konstitusiya Məhkəməsi ya impiçmenti təsdiqləyəcək, ya da Yun Sok Yolun vəzifəsinə bərpa olunması barədə qərar qəbul edəcək. Bu proses altı ayadək vaxt apara bilər.

phrase_var_article.chosen
17
1
azertag.az

2phrase_var_article.sources