Ukraynada 3 illik müharibəni qısa zamanda bitirəcəyini tez-tez bəyan edən ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın atəşkəs üçün yol xəritəsinin bəzi təfərrüatları məlum olub. Bildirilir ki, mümkün atəşkəsə nəzarət məqsədilə qoşun göndərmək üçün Avropa ölkələri məsuliyyət daşıyacaq.
Publika.az xəbər verir ki, Donald Trampın ABŞ-da prezident seçilməsi ilə Ukrayna müharibəsində atəşkəsə gedən yolun açıldığı hesab edilsə də, Kiyev cəbhədə Rusiyaya müqavimət göstərməkdə çətinlik çəkir.
Rusiya qoşunları Donetsk vilayətində mühüm logistika mərkəzi olan Pokrovskdan cəmi 4 kilometr aralıda yerləşir. Ciddi canlı qüvvə çatışmazlığı olan Ukrayna qüvvələrinin müdafiəsi yarılarsa, Rusiya ordusunun cənub-şərq bölgəsinin paytaxtı Dnepr istiqamətində irəliləyişinin sürətlənəcəyindən ehtiyatlanır.
2025-ci ilin yanvarında vəzifəsinin icrasına başlayacaq Tramp çoxdandır ki, 3 illik müharibəni tez bir zamanda bitirmək istədiyini bəyan etsə də, mümkün planları barədə ictimaiyyətə az təfərrüat verib. Bu vəziyyət, Amerikanın “Wall Street Journal” qəzetinə danışan səlahiyyətlilərə görə, gələcək Vaşinqton rəhbərliyinin dəqiq planı olmadığına dair şərhlərə səbəb olsa da, Tramp görüşdüyü rəsmilərlə yol xəritəsi ilə bağlı ipucları verib.
Müvafiq olaraq, dekabrın 7-də Fransanın paytaxtı Parisdə keçirilən görüşdə Tramp Ukrayna lideri Zelenski və Fransa prezidenti Emmanuel Makrona Kiyevin NATO üzvlüyünü dəstəkləmədiyini, lakin yenə də gücləndirilmiş Ukrayna ordusu üçün səy göstərəcəyini deyib.