"Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbiri keçirilib.
APA xəbər verir ki, bu gün Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan jurnalın bir əsrlik fəaliyyətinə dair təqdimat edib. O xatırladıb ki, 1924-cü ildə ölkədə maarifçilik ideyalarını möhkəmləndirmək məqsədilə təsis edilmiş jurnal "Yeni məktəb" adıyla yaradılıb, 1930-cu ildən isə "Müəllimə kömək" adıyla çıxmağa başlayıb.
"Artıq 80 ildən çoxdur ki, jurnalımız "Azərbaycan məktəbi" adıyla fəaliyyət göstərir" - deyə o qeyd edib.
Ardınca jurnalın tarixi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev jurnalın kollektivini təbrik edib, jurnalın bir əsrlik fəaliyyətinin təhsilimiz üçün əhəmiyyətindən söz açıb.
Nazir qeyd edib ki, "Azərbaycan məktəbi" jurnalının yüz yaşını "STEAM" İnnovasiyalar mərkəzində qeyd edilməsi bir növ təhsilimizin keçmişi ilə gələcəyi arasında körpünü simvolizə edir.
"Təhsil sistemimiz ciddi islahatlardan keçib. Bir əsr ərzində bir neçə əlifba dəyişikliyi, təhsil sisteminin müxtəlif dövrlərdə müxtəlif təsirlərə məruz qalması, hər dəfə yeni dövrə keçid etməsi asan məsələ deyil. Uzaq kənd məktəblərində işləyən müəllimlər üçün də jurnaldakı məlumatlar, elmi-tədqiqat materialları əlçatan olmalıdır.
Bu baxımdan jurnalın dilinin azərbaycanca saxlanılması olduqca mühüm məqamdır", - deyə nazir vurğulayıb.
Daha sonra Nobel mükafatçısı, professor, jurnalın redaksiya şurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə təbrik məktubu səsləndirilib.
Tədbirdə iştirak edən pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin rektorunun məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü Ənvər Abbasov, pedaqoji elmlər doktoru, jurnalın redaksiya heyətinin üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək jurnal kollektivini təbrik edib və jurnala uzun ömür arzulayıblar.
Çıxışlardan sonra jurnalın bir qrup əməkdaşına 100 illik münasibətilə Elm və Təhsil Nazirliyinin "Fəxri Fərman" və "Təşəkkürnamə"si təqdim edilib, xatirə fotosu çəkdirilib.
Tədbirin rəsmi açılış hissəsindən sonra “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirəsi təşkil edilib.
Qeyd edək ki, tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki, nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir.