Keçən gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitənin sədr müavini Qüdrət Həsənquliyev son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində aparılan işləri alqışlayıb.
O bildirib ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin sırasını bir az daha genişləndirmək olar:
"Çalışmalıyıq ki, dövlətin idarəetmə xərcləri azalsın. Gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Müdafiə Nazirliyinin birləşdirilməsi çox müsbət addım olardı. Biz dövlət müəssisələrində çalışanlara daha yüksək əməkhaqqı da verə bilərik".
Deputat qeyd edib ki, xalqımız uzun müddətdir pul ödəmək qarşılığında müəyyən kateqoriyadan olan şəxslərin hərbi xidmətdən azad olunmasını gözləyir:
“Cəmiyyətdə gözlənti odur ki, magistratura, rezidentura təhsil almış şəxslər cəmiyyət üçün daha faydalı ola bilər, nəinki hərbi xidmətə getməklə. Elə gənclər var ki, hərbi xidmətə yararlı olsa da, onun çiyninə 20 kq yük qoyub təpədən yuxarı qaldırsan, ona düşmən gülləsi lazım deyil, onun elə orada nəfəsi kəsiləcək. Hərb sənəti o demək deyil ki, hamı getsin, hərbçi olsun.
Biz elmlər doktorlarını, fəlsəfə doktorlarını azad edirik. Bir bənd də əlavə edilsin ki, magistraturanı və rezidenturanı bitirən şəxslər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər. Ümumiyyətlə, mən müqaviləli ordu tərəfdarıyam ki, peşəkar hərbçilər orduya cəlb olunsunlar”.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov bildirib ki, magistratura təhsili alanların hərbi xidmətdən azad ediləcəyini düşünmür:
“Hazırda qanunda magistratura pilləsində təhsil alanlar təhsillərini bitirənədək hərbi xidmətə aparılmır. Düşünmürəm ki, magistratura təhsili alanlar hərbi xidmətdən azad edilsin. Ancaq elmi dərəcəsi olanlar hərbi xidmətdən azad olunur. Təklifə gəldikcə isə belə bir ehtimalın olacağanı zənn etmirəm”.