ABŞ-ın “Boeing” və İsveçin “Saab” şirkətləri tərəfindən birgə inkişaf etdirilən T-7A “Red Hawk” təlim təyyarəsinin sonuncu prototipi ilk uçuşunu yerinə yetirib.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, prototipin sınaq uçuşu ABŞ Hərbi Hava Qüvvələrinin 416-cı Uçuş Test Eskadronu tərəfindən həyata keçirilib.
Qeyd edək ki, “Boeing” və “Saab” şirkətlərinin birlikdə yaratdığı T-7A “Red Hawk” təlim təyyarəsi T-X proqramı çərçivəsində 2018-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) tenderinin qalibi olub.
T-7A “Red Hawk”, ABŞ Hərbi Hava Qüvvələrinin köhnə T-38 təyyarələrini əvəz etmək üçün elan olunan tenderdə “Northrop Grumman”, “BAE Systems”, “L-3 Communications” və “Scaled Composites” şirkətləri tərəfindən birgə layihələndirilən “Northrop Grumman Model 400” təyyarəsini, “Raytheon” və “Leonardo-Finmeccanica” şirkətlərinin M-346 bazasında yaradılmış T-100 təyyarəsini, habelə “Lockheed Martin” və “Korea Aerospace Industries” şirkətlərinin təqdim etdiyi T-50A təyyarəsini qabaqlamağı bacarıb və ABŞ HHQ-nin gələcək təlim təyyarəsi olaraq seçilib.
T-7A “Red Hawk” təyyərəsinin istehsalı üçün ABŞ HHQ 2018-ci ildə “Boeing” və “Saab” şirkətləri ilə müqavilə imzalayıb. Ümumi dəyəri 9.2 milyard ABŞ dolları olan uzunmüddətli müqaviləyə əsasən 351 ədəd təlim təyyarəsinin və 46 ədəd simulatorun istehsal edilməsi, eləcə də logistika dəstəyinin göstərilməsi nəzərdə tutulub.
T-7A-nın inkişaf etdirilməsində və istehsal olunmasında “Boeing”lə birgə çalışan “Saab” bu proseslərdə daha yaxından və effektiv şəkildə iştirak etmək üçün 2021-ci ilin oktyabr ayında ABŞ-ın İndiana ştatında yeni müəssisəsini açıb. “Saab”ın ABŞ-dakı müəssisəsində T-7A “Red Hawk”ın bir sıra hissələri istehsal olunaraq qısa zamanda ərzində “Boeing”in istehsal müəssisəsinə çatıdırılacaq ki, bu da həmin hissələrin çatdırılma vaxtını azaltmaqla ümumilikdə təlim təyyarəsinin istehsalının sürətləndirilməsinə yardım edəcək.
T-7A “Red Hawk” təlim təyyərəsinin birinci prototipi ilk uçuşunu istehsal olunmağa başlandıqdan 36 ay sonra – 2023-cü ilin iyun ayında həyata keçirib. Təyyarənin ilk “tam rəqəmsal” seriyalı nümunəsi 2022-ci ildə yığılıb və onun yer sınaqlarına başalanılıb.
2023-cü ilin iyununda həyata keçirdiyi ilk uçuşunda 1 saat 3 dəqiqə havada qalan T-7A-nın bu müddət ərzində gücü, çevikliyi və digər bacarıq və sistemləri yoxlanılıb. 2023-cü ilin sentyabr ayında prototip sınaqlardan keçirilməsi və rəylərin verilməsi üçün ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verilib. Hazırda “Boeing” və “Saab” şirkətləri ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə təlim təyyarəsinin sınaqlarını davam etdirməkdədir.
Hələ sınaq və inkişaf mərhələsində olan təyyarə artıq potensial xarici müştərilərə də təklif edilməyə başlanıb. “Boeing” və “Saab” şirkətləri Avstraliya Hərbi Hava Qüvvələrində köhnəlmiş təlim təyyarələrinin yeri almaq üçün bu ölkəyə T-7A “Red Hawk”ı təklif edib. Avstraliya tərəfi isə hələlək gələcək təlim təyyarəsi ilə bağlı yekun qərarını verməyib. Bundan başqa, T-7A, İspaniya Hərbi Hava Qüvvələrində köhnəlmiş F-5 təlim təyyarələrinin yerini almaq üçün də təklif olunub.
Tamamilə rəqəmsal konstruksiyalı T-7A təyyarəsi qabaqcıl istehsal, çevik proqram təminatının inkişafı və rəqəmsal layihələndirmə texnologiyalarından istifadə edilməklə istehsal edilərək sınaqdan keçirilib ki, bu da layihələndirmədən ilk uçuşa qədər olan vaxtı xeyli azaldıb. Belə ki, əgər əvvəllər təyyarənin kabinasının yığılması 6 həftə çəkirdisə və bahalı avadanlıq tələb olunurdusa, müasir 3D çap texnologiyalarından istifadə etməklə bu proses cəmi 8 iş günü tələb edir. Beləliklə, model əsaslı mühəndislik, 3D dizayn və qabaqcıl istehsalın birləşməsi ilk dəfə olaraq keyfiyyəti 75% artırıb və montaj saatlarını 80% azaldıb.
Açıq arxitekturaya malik proqram təminatı və rəqəmsal uçuş idarəetmə sisteminə sahib T-7A müxtəlif növ qırıcı və bombardmançı pilotlarının hazırlanması üçün ehtiyac duyulan təlimi dəstəkləyir.
Tandem oturacaqlı (təlimçi və təlim keçilən pilot) T-7A-nın uzunluğu 14.3 m, qanad genişliyi 9.32 m və hündürlüyü 4.11 m-dir. Boş ağırlığı 3250 kq olan təyyarənin maksimum qalxış ağırlığı 5500 kiloqramdır. Təlim təyyarəsinə ABŞ-ın “General Electric” (GE) şirkəti tərəfindən istehsal edilən bir ədəd F404-GE-103 mühərriki güc verir. Bu mühərrik T-7A “Red Hawk”a maksimum 0.975 Mach sürətlə uçmağa imkan yaradır. Maksimum 8 g-yə qədər dözümlü olan təyyarənin mənzili 1830 km və əməliyyat tavanı 15 min metrdir.