Dekabrın 15-də Akademik Milli Dram Teatrında "Ledi Maqbet" tamaşasının premyerası olub.
Bu barədə Teleqraf.com-a Akademik Milli Dram Teatrından məlumat verilib.
Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibəti ilə benefis tamaşadır.
Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar incəsənət xadimi Məryəm Əlizadə Bəsti Cəfərovanın yaradıcılığı, səhnə fəaliyyəti və sənət yolu haqqında çıxış ediblər.
Yeni səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.
Tamaşada Xalq artisti Bəsti Cəfərova, əməkdar artist Elşən Rüstəmov, xalq artisti Sabir Məmmədov, əməkdar artist Məsmə Aslanqızı, aktrisa İlahə Həsənova, aktyor Elnur Qədirov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmli iştirak edir.
Rejissor Nicat Kazımov U. Şekspirin “Maqbet” faciəsi əsasında işlədiyi “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi, tamaşanın əsas obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsas qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.