AZ

Diplomatik xidmət haqqında qanun layihəsi yeni reallıqlara cavab verir ŞƏRH

Bakı, 16 dekabr, AZƏRTAC

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 2001-ci il iyunun 8-dən qüvvədədir. Sonradan bu Qanunda dəfələrlə əlavələr və dəyişikliklər edilib. Bununla belə, müasir dövrün tələblərinə uyğun yeni qanuna daim ehtiyac duyulurdu. Yeni qanunda bir sıra mütərəqqi yeniliklər öz əksini tapıb və bir çox boşluqlar aradan qaldırılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunması və onun haqq səsinin dünyaya çatdırılmasında diplomatik xidmət əməkdaşlarının misilsiz töhfələri olub.

Azərbaycanın BMT-dən sonra ən böyük platforma sayılan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik etdiyini xatırladan deputat deyib: “Ölkəmiz təşkilatın beynəlxalq imicini yüksəldib və inkişafına böyük töhfə verib. Bu dövrdə Qoşulmama Hərəkatının Parlament şəbəkəsi yaradılıb və hazırda ona Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir. Bu çərçivədə Madriddə və Bakıda böyük miqyaslı beynəlxalq tədbirlər keçirilib. Azərbaycan sədrliyi təşkilat daxilində parlament diplomatiyasının gücləndirilməsi və inkişafına dəstək olmaqda davam edir”.

P.Vəliyeva bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnun dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması və bu tədbirin uğurla keçirilməsi ölkəmizin beynəlxalq arenada qazandığı növbəti böyük nailiyyətdir. O vurğulayıb ki, bu uğurun əldə edilməsində Azərbaycanın peşəkar və təcrübəli diplomatlarının mühüm rolu olub. Həmçinin, iqlim danışıqları zamanı tarixi nailiyyətlər əldə edilib və bu, iqlim diplomatiyasına, eləcə də planetin gələcəyinə qlobal səviyyədə böyük töhfə verib. Beynəlxalq arenada böyük nüfuz qazanan ölkəmizin xarici siyasətində yeni dövrün tələblərinə və çağırışlarına uyğun qanunverici bazanın olmasına ehtiyac yaranmışdı. Xarici siyasətimizdə başlıca rol oynayacaq bu yeni qanun layihəsində öncəki qanunda öz əksini tapmayan bir sıra məsələlər nəzərə alınıb. Bu qanun layihəsi ilə əmək münasibətləri daha humanist tənzimlənib, diplomatik xidmət əməkdaşlarının, həmçinin onların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə edilməsi təkmilləşdirilib.

“Diplomatik xidmət və ya konsulluq fəaliyyəti üçün ailəsi ilə birgə ölkəni tərk edən zaman həyat yoldaşı da işdən çıxıb ailəsi ilə bərabər getdiyi halda, geri qayıdan zaman öz işinə bərpa oluna bilmirdi və işsiz qalırdı. Qanun layihəsində bu məsələyə aydınlıq gətirilib, həyat yoldaşının diplomatik xidmət və ya konsulluq fəaliyyəti dövründə və ya xidmət başa çatdıqdan 60 təqvim günü keçənədək peşəkarlıq və peşə yararlılığı yoxlanılmaqla, əvvəlki vəzifəsinə, bu, mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə təyin olunması müddəası yer alır. Burada müəssisənin ləğvi halları istisna edilir. Bununla da, həm ailə bağlarının qorunmasına dəstək və əmək münasibətlərinin daha ədalətli şəkildə qurulması təmin edilir. Beləliklə, qanunun bu maddəsində diplomatik xidmət nümayəndələrinə və onların ailə üzvlərinə dövlət qayğısı ifadə olunur.

Digər mütərəqqi yenilik diplomatların iş stajı ilə bağlıdır. Belə ki, hazırda qüvvədə olan qanunda diplomatlar xidmət müddəti başa çatdıqdan sonra, yəni uzunmüddətli ezamiyyədən geri qayıtdıqdan sonra müvafiq dövlət qurumunda işə bərpa edilənədək olan dövr onun iş stajına sayılmırdı. Bu qanun layihəsi ilə isə uzunmüddətli ezamiyyətdən geri qayıdan diplomatik xidmət əməkdaşının sərəncam dövründəki müddəti onun iş stajına sayılacaq və yazılacaq.

Bundan əlavə, uzunmüddətli ezamiyyətdən geri qayıdan diplomatik xidmət əməkdaşları işə bərpa olunanadək sərəncamda qaldığı dövr ərzində əməkhaqqı ilə təmin olunacaqlar.

Digər mütərəqqi yenilik isə diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyasının bu qanunda öz əksini tapmasıdır. Bu müddəalar ədalətli yanaşmanı təmin edə bilər. Belə ki, ədalətli rotasiya qaydası ilə diplomat fərqli regionlarda və fərqli coğrafiyalarda işləyə biləcək.

Başqa bir yenilik isə diplomatik xidmət əməkdaşı uzunmüddətli ezamiyyədən geri qayıtdığı zaman sərəncam dövründə bir il müddətində ölkədə qalıb işləməlidir. Bu vacib yenilik isə həm geri qayıdan əməkdaşın qazandığı təcrübələrlə ölkəyə töhfə verməsinə, həm də ailə bağlarının yenidən möhkəmlənməsinə imkan yaradacaq”, - deyə deputat vurğulayıb.

Seçilən
13
4
azertag.az

5Mənbələr