AZ

Qərbi Azərbaycana qayıdış – erməni isteriyasına cavabımız

Haylar tarixi “danışdırmaq” istəyirlərsə, buyursunlar!

“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakıda bu ayın əvvəlində keçirilmiş II beynəlxalq konfransda səslənən fikirlər, o cümlədən, Prezident İlham Əliyevin tədbir iştirakçılarına məktubunda əksini tapmış məsələlər erməni cəmiyyətində isterik durum formalaşdırıb. Dövlətimizin başçısının rəsmi İrəvanın Qərbi Azərbaycan İcmasının təmsilçiləri ilə danışığa başlamasının zəruriliyini vurğulayan fikri isə hayları əməlli-başlı əndişəyə salıb. Erməni ekspertlərin və tarixçilərin mövzu ətrafındakı mülahizə və düşüncələri bitmək bilmir.

Qərbi Azərbaycana qayıdış hüququ ilə bağlı indiyədək təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da çoxsaylı toplantılar təşkil olunub. Hay cəmiyyətinin təmsilçilərinin bütün bunlardan anladığı yalnız bir şey var – Azərbaycan Ermənistana qarşı yeni müharibə hazırlığındadır. Axı anladıqları işğalçılıq və təcavüzdür, bəşəri dəyər və prinsiplərdən qat-qat uzaqdırlar. Uzaq olmasaydılar, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışın dinc məqsədli konsepsiya olduğuna dair fikirlərinə də nəzər salar, məsələyə haqq və ədalət prizmasından yanaşardılar. Yanaşmırlar, bizim də haylardan hansısa ağıllı bir gözləntimiz yoxdur. Ona görə onların azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququ ilə bağlı məsələyə münasibətdəki bəzi tendensiyaların üzərində dayanaq və tarixə qısaca nəzər salaq.

Beləliklə, erməni başbilənlər deyirlər ki, Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların sayı Azərbaycan SSR ərazisində yaşayan ermənilərin sayından az olub. Yəni, onlar bunu əsas götürüb soydaşlarımızın tarixi vətənlərinə qayıtmalarının yolverilməzliyi üzərində dayanırlar.

Təxminən belə: azərbaycanlılar Ermənistana qayıtmaq istəyirlərsə, ermənilər də Azərbaycana qayıtmalıdırlar.

Əvvəla, onu deyək ki, Azərbaycanda bu gün də erməni millətindən olan vətəndaşlar yaşayırlar və heç kəs onlara “gözün üstə qaşın var” demir. Bu şəxslər doğulub boya-başa çatdıqları ölkəni özlərinə vətən bilirlər və oranı tərk etmək niyyətində deyillər. Çünki insan kimi ömür sürürlər. Ermənistanda isə nəinki azərbaycanlı yoxdur, üstəlik, digər millətlərin nümayəndələri də istisnadır. Ölkə monoetnik respublikadır ki, bu baxımdan dünyaya “nümunə” sayıla bilər.

İkincisi, Qarabağda ermənilər yaşayırdılar. Ancaq Azərbaycan hakimiyyətinin deyil, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “yurisdiksiyası” altında. Bölgədəki separatçı rejim 2023-cü ilin sentyabrında ordu birləşmələrimizin həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixin arxivinə gömüldü. Həmin vaxt Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinin ərazidə qalmalarının, evlərini tərk etməmələrinin, həmçinin, ölkəmizin tamhüquqlu vətəndaşı kimi yaşamalarının mümkünlüyünü bəyan etdi. Lakin buna məhəl qoyulmadı və Ermənistan hakimiyyəti, tez bir zamanda, onların bölgədən uzaqlaşdırılmasını həyata keçirdi. Yeri gəlmişkən, rəsmi Bakı antiterror tədbirlərinədək də Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsində çoxsaylı çağırışlar edib, lakin buna əhəmiyyətsiz yanaşılıb.

Sözümüz ondadır ki, azərbaycanlılar ermənilərin Azərbaycan ərazisində yaşamalarına mənfi yanaşmayıblar. Azərbaycan dövləti eyni kursu yeridib. Otuz ilə yaxın davam etmiş Azərbaycan–Ermənistan danışıqlarının müxtəlif mərhələlərində də Qarabağ ermənilərinə ölkəmizin hüdudları daxilində ən yüksək muxtariyyətin verilməsi kimi məsələlər təklif olunub. Erməni millətçilərinin hakim rol oynadıqları rəsmi İrəvan bununla da razılaşmayıb, torpaqlarımızı işğal altında saxlayıb.

Gələk mövzumuza. Söhbət bilavasitə Azərbaycan SSR ərazisində ermənilərin yaşamalarından və onların sayının Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılardan çox olması iddiasından gedirsə, müəyyən tarixi faktlara və reallıqlara diqqət yetirmək zərurəti yaranır. Hələ biz İrəvanın qədim Azərbaycan və türk yurdu olmasını, ermənilərin 1830-cu ildən sonra Azərbaycanın müxtəlif ərazilərinə məqsədli şəkildə köçürülmələrini, onlar üçün erməni vilayətinin yaradılmasını, sonradan isə İrəvanın paytaxt kimi erməni dövlətinə hədiyyə edilməsini bir kənara qoyuruq. Bir sual da var: 1918-ci ilin Mart soyqırımı nə üçün törədilmişdi? Məqsəd Azərbaycanda müsəlman əhalinin kökünü kəsmək idi. Kökünü kəsmək və vətənimizi erməniləşdirmək.

Habelə, SSRİ İttifaqı dövründə Azərbaycan əraziləri hesabına Ermənistan SSR-in ərazilərinin böyüdülməsi halları qeydə alınmışdı. Ermənilər Sovet İttifaqı rəhbərliyində təmsil olunanlar erməni millətçiləri ilə birgə respublikamızın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların öz yurd-yuvalarından uzaqlaşmaları yönündə müəyyən addımlar atmışdılar. Məsələn, Kəlbəcər rayonunun yüksək dağ kəndlərinin sakinlərinə yaşadıqları yerlərə yol, su çəkməyin, guya, mümkünsüzlüyü bildirilmiş və onlara alternativ yaşayış yerləri təklif edilmişdi. Plan belə idi: azərbaycanlı əhali ərazidən uzaqlaşsın, onların yerini ermənilər tutsunlar.

Ümumən, SSRİ dövründə ermənilərlə azərbaycanlılar arasında say balansı yaratmaq istiqamətində tədbirlər də “aktuallığını” saxlamışdı. Məsələn, 1929-cu ildə İrəvana xaricdən 2258, 1930-cu ildə 1610 erməni köçürülmüşdü. Onların yerləşdirilmələri üçün 1929-cu ildə 806, 1930-cu ildə isə 1018 azərbaycanlı İrəvandan çıxarılmışdı. Bundan əvvəl, yəni 1922–1923-cü illərdə isə Qərbi Azərbaycanda yaşayan azərbaycanlı əhalinin 55 mini erməni şovinist dairələrinin yaratdıqları problemlər nəticəsində Azərbaycana və başqa yerlərə üz tutmaq məcburiyyətində qalmışdı.

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Ermənistan ərazisinin rayonlaşdırılması haqqında 12 iyul 1929-cu il tarixli qərarına diqqət yetirək. Həmin qərara əsasən, respublikada 5 qəza və 31 rayon təşkil olunmuşdur. Ən əsası isə rayonlaşdırma həyata keçirilərkən, azərbaycanlıların sıx yaşadıqları bir sıra kəndləri parçalamaq planı icra olunmuşdu. Bu mənfur plan soydaşlarımızın ömür sürdükləri ayrı-ayrı yaşayış məntəqələrinin ermənilərin çoxluq təşkil etdikləri rayonların tabeliyinə verilməsi ilə reallaşdırılmışdı.

Onu da vurğulayaq ki, SSRİ-də 1929-cu ildən başlamış kənd təsərrüfatının kollektivləşdirilməsi tədbirləri də anti-Azərbaycan kampaniyasına çevrilmişdi. Həmin vaxt ən yaxşı azərbaycanlı təsərrüfatçılara “qolçomaq” , “əksinqilabçı”, “şübhəli ünsür” damğası vurulmuşdu. Bu şəxslərə qarşı saxta ittihamlar irəli sürülmüş, onlar Sibirə və Qazaxıstana sürgünə göndərilmişdi.

XX əsrin 30-cu illərində kolxozları möhkəmləndirmək üçün yeni mütəxəssis qüvvəsinə ehtiyac olması bəhanəsi il xaricdən ermənilərin Ermənistana kütləvi şəkildə köçürülməsi siyasəti həyata keçirilmişdi. Təsəvvür edin ki, həmin illərdə Fransadan və Yunanıstandan Ermənistana 17 min erməni gətirilmişdi. Proses azərbaycanlıların sıxışdırılması ilə paralel şəkildə aparılmışdı. 1933–1934-cü illərdə isə Qərbi Azərbaycana daha 8500 erməni yerləşdirilmişdi. Ümumən, 1920-ci ildən 1940-cı ilədək xaricdən Ermənistana 42 min erməninin gətirilməsi təmin olunmuşdu. Deməli, həm ermənilərin sayı artırılmış, həm də azərbaycanlıların sayının azaldılması həyata keçirilmişdi. Repressiya illərində isə Azərbaycan kəndliləri əksinqilabçı elementlər sayılmış, onlar güllələnmiş, qovulmuş, həbs edilmiş, əmlakları əllərindən alınmışdı. Ermənistanda amansız repressiyanın qurbanı olmuş azərbaycanlıların sayı isə 60 mini ötmüşdü.

İkinci Dünya müharibəsindən sonra da azərbaycanlıların sıxışdırılması həyata keçirilmişdi. Diqqət yetirək, paytaxt Bakıda azərbaycanlı əhalinin sayı erməni və digər millətlərin nümayəndələrinin sayından az olmuşdu. Yalnız ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikamızda rəhbərliyə başladıqdan sonra vəziyyət dəyişməyə başlamışdı. Ancaq hələ bunadək, daha dəqiq desək, 1947-ci ildə SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı olmuşdu. Sovet İttifaqı rəhbərliyindəki ermənilərin, ermənipərəstlərin, habelə erməni millətçilərinin əli ilə çıxarılmış bu qərar nəticəsində Azərbaycanda ermənilərin say üstünlüyünün yaradılmasına çalışılmışdı.

Bəli, ulu öndər Heydər Əliyev, ilk növbədə, Bakının digər millətlərin nümayəndələrinin, o cümlədən, ermənilərin, necə deyərlər, əlindən alınmasına çalışmışdı. Bunu paytaxtda sanaye müəssisələrinin açılmasına nail olmaqla etmişdi. Məlumdur ki, həmin müəssisələr üçün işçi qüvvəsinə ehtiyac var idi. Buna görə rayonlarımızdan paytaxta axın başlamışdı. Yalnız ötən əsrin 70-ci illərinin sonlarına doğru Bakıda azərbaycanlı əhalinin say üstünlüyü 50 faizlik baryeri keçmişdi. Təsadüfi deyil ki, indi bir qədər ağlı başında olan ermənilər arasında belə bir deyim var: Biz Qarabağı istəməklə Bakını itirdik. Onların bu qənaətə gəlmələri heç də təsadüfi deyildi. Axı paytaxtın mərkəzindəki evlərin əksəriyyətində ermənilər yaşayır, rəhbər vəzifələrin çoxunu onlar tuturdular.

Əlbəttə, indi bu sualı vermək istəmirik: Nəyiniz əskik idi? Çünki erməni xisləti üçün hər şey azdır. Az olduğu üçündür ki, haylar SSRİ dövründə Qarabağın da Ermənistana birləşdirilməsinə çalışmışdılar. Əlbəttə, ulu öndər Heydər Əliyev belə cəhdlərin qarşısını böyük ustalıq və prinsipiallıqla almış, üstəlik, Azərbaycanın Qarabağla bağını gücləndirmək istiqamətində məqsədyönlü tədbirlər reallaşdırmışdı. Məsələn, Bakıdan Xankəndiyə dəmir yolu xətti çəkilmiş, pedaqoji institutun Xankəndi filialı fəaliyyətə başlamış və digər bu kimi işlər görülmüşdü. Qətiyyətlə demək olar ki, məhz Ulu öndər mənfur erməni planlarının qarşısına sədd çəkmişdi. Deməli, onun SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından sonra erməni millətçilərinin hərəkətə keçəcəklərini gözləmək olardı və gözləntilər özünü doğrultdu. Sonra hansı faciələr yaşandı, hər kəsə yaxşı məlumdur...

***

Sonda deyək ki, hazırda Ermənistanda Qərbi Azərbaycanla bağlı isterik durum formalaşdıranlar, ermənilərin Azərbaycandakı say üstünlüyündən danışanlar diqqətə çatdırdığımız məsələləri mütləq şəkildə nəzərə almalıdırlar. Çünki tarixə birtərəfli baxış yolverilməzdir. Əgər keçmişdə olanlar əsas götürüləcəksə, o zaman hər şeyə, hər detala diqqət yetiriləcək. Yəni, yaxşı olar ki, Ermənistanda kimlərsə tarixdə ilişib qalmasınlar, keçmişi manipulyativ şəkildə arqumentləşdirməyə qalxmasınlar. İndiki durumda edəcəkləri yalnız bir şey var ki, o da Azərbaycanın tələblərini sözsüz-söhbətsiz yerinə yetirməkdir. Düşünsünlər ki, bu yazıda diqqətə çatdırdıqlarımız erməni məkrinin çox cüzi bir hissəsidir. Onu da düşünsünlər ki, bütün faktlar dilə gəlsə, indiki Ermənistan dövlətinin mövcudluğu böyük sual altına düşəcək. Kimlərəsə bu aqibət lazımdırsa, buyurub cəfəngiyyatlarını əsirgəməsinlər.

Ə.CAHANGİROĞLU
XQ

phrase_var_article.chosen
48
50
xalqqazeti.az

10phrase_var_article.sources